Qurban Qurbanov: "Əcnəbi VAR hakimlərinin gəlişini xoş qarşılamadım"
17.05.2024 - 23:44
Qurban Qurbanov: "Əcnəbi VAR hakimlərinin gəlişini xoş qarşılamadım"

"Qarabağ" Azərbaycan Premyer Liqasının 34-cü turunda öz meydanında "Turan Tovuz"u 4:3 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Maraqlı, bol qollu oyun oldu. Azarkeşlərə təşəkkür edirəm.

- Azərbaycanlı məşqçilər xarici ölkələrdə təcrübə keçir. Maraqlıdır, başqa ölkələrdən sizin yanınızda təcrübə keçmək istəyən olub?

- Xaricdən gələnlər olub, yəqin məlumatınız var. Polşadan, Rusiyadan gəliblər.

- AFFA İcraiyyə Komitəsinin iclasından sonra infrastrukturla  bağlı problemdən söz açmışdız. İnfrastrukturu formalaşdırmaq üçün ən azı nə qədər vaxt lazımdır?

- Vaxt demək düzgün çıxmaz. Mütləq yaxşılaşdırmaq lazımdır. Klublar böyüsə, stabil iş prinsipləri olsa, elə də vaxt lazım deyil. Bizim öz bazamızı ərsəyə gətirməyə maksimum iki il vaxt getdi. Məncə istək olsa, elə də uzun vaxt aparmaz. İnfrastruktur ən vacib amillərdən biridir.

- "Qarabağ"la müqaviləniz nə vaxt bitir?

- Hələ komanda ilə bir illik müqaviləm var.

- Portuqaliya mətbuatının yazdığına görə, Leandro Andrade ilə "Fənərbaxça" və "Beşiktaş" maraqlanır. Bu, nə dərəcədə doğrudur?

- Bizdə belə məlumat yoxdur.

- Son iki turun bir neçə oyununda əcnəbi VAR hakimi olacaq? Sizcə, buna ehtiyac var?

- Mən heç xoş qarşılamadım. Hamımız öz sahəmizdə aktiv olmağa çalışmalıyıq. Səhvlər olur. Bilmirəm VAR sistemi nə dərəcədə qəlizdir. Cavan kadrlardır, ola bilər ki, haradasa səhv edərlər. Bizim hakimimiz Əliyar Ağayev Yunanıstan çempionatında oyun idarə edir. Bizdən ora gedirlərsə, deməli güvənirlər. Hakimlərimiz elə etməlidir ki, başqalarına şans verilməsin. 

- Hakimlər özləri günahkardır?

- Mütləq. Daha çox aktiv olmalıdırlar.

writer photo
Əlirza Əlirzalı
0