Azərbaycanlı futbol məşqçisi, “Neftçi” və millimizin sabiq qapıçısı Hüseyn Məhəmmədovun apasport.az saytına müsahibəsi
- Sabiq komandan "Neftçi" qış fasiləsindən sonra "Sabah"a məğlub olsa da, ardınca uğurlu seriya başladı. Səncə, bunun sirri nədədir?
- Yəqin ki, baş məşqçidən tutmuş futbolçulara qədər məsuliyyəti başa düşürlər. "Neftçi" həmişə Azərbaycan Premyer Liqasında çempionluq mübarizəsi aparan komandadır. Durum onu göstərir ki, daha ciddi, daha istəklidirlər. Çempionatı nəticə ilə yekunlaşdırmaq istəyirlər. Düzdür, çempionluq şansları azdır, amma yenə də, mübarizə aparırlar, istəklidirlər. Baş məşqçidən tutmuş oyunçulara kimi yəqin məsuliyyəti anlayırlar, başa düşürlər ki, bu komanda həmişə liderlər sırasında olub. Bunu qoruyub-saxlamaq lazımdır, anlayırlar. Ardıcıl qələbələr də, ondan irəli gəlir. Uğurlu nəticələrin 90 faiz səbəbi məsuliyyəti dərk etməlidir.
- Hazırda "Sabah" 62, "Neftçi" 55 xala malikdir. Bu gün qalib gəlsələr, xal fərqi 4-ə enəcək. "Neftçi"nin ikincilik şansını necə dəyərləndirirsən?
- Məncə, böyük xal fərqi yoxdur. Əllərindən gələni etməlidirlər ki, ən azından ikinci yeri tutsunlar. Yerdə qalan matçları qalib gələrək ikinci pilləni tutmaq istəyəcəklər. Şanslar yaxşıdır. Ehtimal var ki, "Neftçi" ikinci olsun.
- Komandanın yeni transferlərindən Höccət Haqverdi, Mateus Saldanya və Kilan Lebondan hansını fərqləndirərdin?
- Höccət uzun illərdir Azərbaycan çempionatında çıxış edir, millimizin üzvüdür. Hər üçü əllərindən gələni edirlər, xeyir verməyə çalışırlar. Deməzdim ki, bacardıqlarını yüksək səviyyədə "Neftçi" üçün həyata keçirirlər. Çalışırlar ki, nəsə etsinlər. Onlar da anlayır ki, Azərbaycanın ən sevilən və tanınan komandasındadırlar. Zaman keçdikcə, daha effektiv olmağa, xeyir verməyə çalışacaqlar. İndi isə hansısa transferin digərindən daha çox xeyir verdiyini demək olmur.
- "Qarabağ" "Qalatasaray"la, "Sabah" "Beşiktaş"la xeyriyyə matçına çıxacaq. "Neftçi"nin də ən azından "Fənərbaxça" ilə oynayacağını ehtimal etmək olardı. Amma hələ ki, belə bir şey yoxdur....
- Çox sevindim ki, "Qarabağ"la "Sabah" xeyriyyə matçına çıxacaqlar. Qardaş ölkəmizə dəstək olmaq istəyirlər. Yəqin ki, "Neftçi" bu cür addım atacaq. Bu cür oyunlardan birini keçirəcək. Belə başa düşürəm ki, rəhbərlik hansısa danışıqlar aparır, alınsa, "Neftçi" də 100 faiz edəcək. Çox istəyərdim ki, "Neftçi" də belə matç keçirsin. Burada komandaların razılaşması məsələsi var. Alınsa, "Neftçi" də xeyriyyə matçında iştirak edər.
- "Neftçi"nin qapıçısı İvan Brkiç hələ ki, yeni müqaviləyə qol çəkməyib. Xorvatiya mətbuatı isə onun daha güclü kluba keçərək yığmada oynamaq istədiyi üçün belə addım atdığını iddia edir. Səncə, o, millisində oynayacaq səviyyədədir ki, "Neftçi"dən ayrılmaq istəyir?
- Xorvatiyada yığmaya cəlb olunan yetərincə yaxşı qapıçılar var. İnanmıram ki, Brkiçin milliyə düşmək şansı olsun. Yeni müqavilə imzalamamasına gəlincə, bu, taktiki gediş də ola bilər. Xorvatiyada yaxşı qapıçılar çoxdur. Hansı ki, İvandan 5-10 qat güclüdürlər. “Neftçi”nin futbolçusunun onlarla rəqabət apara bilməsinə də inanmıram.
- Canni de Byazi millinin növbəti görüşlərində Yusif İmanova güvənəcəyi mesajını verib. Onun ilk rəsmi oyununda Avstriya və İsveçə qarşı oynaması nə dərəcədə doğru olacaq?
- Canni de Byazi bütün matçları izləyir. Yusifi qapıya qoyacağının mesajını verirbsə, inandığına görə bu addımı atacaq. Görünür ki, ona inanır. İmanov "Sabah"ın bütün oyunlarında iştirak edir, sərbəstdir, rahatdır, oyun ərzində çətinlik çəkmir. İnanmıram ki, Avstriya və İsveçrə ilə görüşlərdə hansısa çətinliyi olsun. Dünya futbolunda ilk dəfə deyil ki, gənc qapıçıya şans verilir. İlk oyunu çox məsuliyyətli komandalara qarşı oynayıb, dünya futbolunda adlı-sanlı qapıçılara çevrilənlər də var. Bəlkə də, bu, Yusifin adlı-sanlı qapıçıya çevrilməsi üçün düşüb. Çox soyuqqanlı, rahat qapıçıdır. Onun bu xüsusiyyətini bəyənirəm.