İdman direktoru: “Mahir uğurlu olsa, azərbaycanlıların Super Liqaya yolunu açacaq”
11.03.2023 - 15:21
İdman direktoru: “Mahir uğurlu olsa, azərbaycanlıların Super Liqaya yolunu açacaq”

Türkiyənin “Alanyaspor” klubunun idman direktoru Sərkan Daldalın apasport.az saytına müsahibəsi 

- Bir neçə ay əvvəl Bakıda “Alanyaspor”un futbol məktəbini açdınız. Oradakı vəziyyətlə maraqlanırsınız?
- Bəli. Bakıda futbol məktəbimizin açılışını etdik. İndi də oradakı gedişatla maraqlanırıq, izləyirik. Yeni futbol məktəbidir. Gözəl işlər olacaq, sadəcə bir az zamana ehtiyac var. Ora klub rəhbəri ilə birlikdə gəlmişdik. Daim izləyirik. Azərbaycanda yeni istedadları kəşf edəcəyik.

- Həmin vaxtı “Alanyaspor”un prezidenti Hasan Çavuşoğlu AFFA prezidenti ilə də görüşmüşdü. Yenidən Bakıya səfər gözlənilir?
- Azərbaycana yenidən gəlməyi planlaşdırırıq. Belə istəyimiz var. Əslində, bundan əvvəl də götür-qoy edirdik ki, nə vaxt Bakıya uça bilərik. Amma ölkəmiz bildiyiniz kimi, böyük fəlakət, zəlzələ ilə qarşılaşdı. İndi bütün enerjimizi ora “xərcləyirik”. Fikrimiz də oradadır.

- Azərbaycanlı futbolçular Türkiyə Super Liqasında əcnəbi sayılmazsa, ölkəmizdən transferin sayı arta bilər? 
- Türkiyə ilə Azərbaycan arasında “iki dövlət, bir millət” sözü əbəs yerə işlədilmir. Bu, sıradan deyil. Çünki köklərimiz, adət-ənənələrimiz, mədəniyyətimiz eynidir, eyni duyğuları yaşayan iki qardaş ölkəyik. Birliyimiz hər yerdə olduğu kimi, idmanda da olmalıdır. Məncə, iki ölkənin futbol federasiyaları ortaq qərara gəlib, FİFA-da özəl maddə ilə iki ölkənin peşəkar və həvəskar futbolçularının yerli statusunda oynamasına icazə verilməsi ilə bağlı müraciət etməlidir. Başlanğıcda bu, 2-3 oyunçu ola bilər. Amma qarşıdakı illərdə həmin sayı artırmaq da mümkündür. Yəni azərbaycanlı futbolçu Türkiyədə, türkiyəli futbolçu Azərbaycanda legioner sayılmamalıdır.

- Super Liqada Kosovodan, Albaniyadan bir çox oyunçular çıxış edir. Amma Türkiyə klubları azərbaycanlı oyunçulara maraq göstərmir. Bunun səbəbi nədir?
- Aşağı yaş qruplarında oynayan azərbaycanlı uşaqlar var. Məsələn, “Alanyaspor”un da aşağı yaş qruplarında oynayırlar. Azərbaycan futbolu gün keçdikcə inkişaf edir. Bir müddət sonra Türkiyə bir çox futbol klubunu oraya çəkəcək, istedadlı oyunçular çıxacaq. Buna çox inanıram. Çünki Bakıda iki-üç futbol klubuna baş çəkdim, çox gözəl işlər görürlər. Daha peşəkar düşüncələr var.

- “Qarabağ”ın forvardı İbrahima Vadji “Sent-Etyen”ə satıldı, Kadi Borges isə qışda 5 milyon avro qarşılığında “Krasnodar”a getdi. Premyer Liqanı izləmək şansınız olur? Hansı futbolçuya maraq göstərirsiz?
- Azərbaycan Premyer Liqasında izlədiyimiz oyunçular var. Sadəcə indi ad vermək istəmirəm. Doğru olmazdı. Əminəm ki, qarşıdakı 1-2 il ərzində azərbaycanlı futbolçuların adlarını da Türkiyə Super Liqasında eşidəcəyik. Bizə gəlincə, mövqeyə görə transferlər edirik. Yetişdirdiyimiz oyunçular da var. Ehtiyacımız olan mövqedə onların xidmətində istifadə edirik. Ya da, gələcək vəd edən gənc və ya satdığımızda klubun büdcəsinə gəlir gətirəcək oyunçuları alırıq.  

- Uzun müddət sonra Super Liqada azərbaycanlı oyunçu oynamağa başlayıb. Mahir Emreli haqda fikriniz necədir?
- Mahir Emrelini izləyirəm. "Dinamo"dan "Konyaspor"a icarəyə gəlib. 1997-ci il təvəllüdlü vingerdir. Sol ayağı çox yaxşıdır. Sistem oyunçusudur, istedadlıdır. "Konyaspor" üçün çox yaxşı fürsətdir. Mahir "Konyaspor"da uğurlu olsa, azərbaycanlı oyunçuların Türkiyə Super Liqasına yolunu açacaq. 

writer photo
Əlirza Əlirzalı
0