“Musa İsveçə gəldikdən bu yana həqiqətən adından söz etdirir. Demək olar ki, hər həftə gündəmdədir”.
Bunu apasport.az saytına açıqlamasında Azərbaycanda legioner həyatı yaşamış Sebastyan Kastro-Tello deyib.
İsveçli futbolçu ölkəsinin çempionatının son turunda “Degerfors”la görüşdə dubl edən Musa Qurbanlının uğurlu çıxışı barədə fikirlərini açıqlayıb: “Çünki ondan gözləntilər yüksəkdir. Ölkə kubokundakı vurduğu qoldan sonra Musanın özünəinamı çox yüksəldi və nəticədə qollarını vurur. “Degerfors”la matçın və ümumiyyətlə, həmin turun ulduzu Musa idi. Həqiqətən əla oyun nümayiş etdirdi. Məncə, Musa bundan sonra daha da yaxşı çıxış edəcək, qollarınının davamını gətirəcək”.
Vaxtilə “Rəvan”ın formasını geyinən skandinaviyalı millimizin hücumçusunun perspektivinə də toxunub: “İsveç çempionatı onun üçün ən uyğun liqadır. Oyun stili ilə də liqaya uyğun gəlir. Məncə, Musa qollarını davamlı vursa, komandaya kömək etsə, daha böyük liqalara gedə biləcək. Bir neçə illik İsveçdəki təcrübəsindən sonra daha böyük liqalarda oynamaq iqtidarında olacaq. Azərbaycanda oynadığım dönəmdə də görürdüm ki, orada yaxşı futbolçular var. Musa da onlardan biridir”.
Qeyd edək ki, İsveçin U-21 yığmasının sabiq futbolçusu “Hammarbü” və “Degerfors” klublarında da oynayıb.