“Kəpəz”in legioneri: "Baxdıq və gördük ki, top xətti keçib, amma..." - MÜSAHİBƏ
08.05.2023 - 09:48
“Kəpəz”in legioneri: "Baxdıq və gördük ki, top xətti keçib, amma..." - MÜSAHİBƏ

“Kəpəz”in belaruslu futbolçusu Yeqor Xvalkonun apasport.az saytına müsahibəsi 

- “Sabah”la görüşdə məğlub oldunuz. Səncə, ədalətli nəticə qeydə alındı?
- Xal qazana bilərdik. Oyunun əvvəlində qol buraxmaq çox təsir edir. İkinci yarıda qol da vurdum. Epizoda da baxdıq, dedilər ki, qoldur. Amma hakimlər hesaba almadı. İstənilən halda, oyuna qayıda bilərdik. Bəli, “Sabah” yaxşı komandadır və bunu heç kim mübahisə etmir. Həm onların, həm də bizim hücumlarımız, qol epizodlarımız var idi. Bizdən fərqli, rəqib imkanlarından yararlandı. “Sabah”ın futbolçuları yüksək səviyyədədir. Biz də bu cür olması, qol imkanlarından yararlana bilməyimiz üçün işləyirik.

- Hesaba alınmayan qolunu necə şərh edərdin? Ola bilər ki, top 100 faiz xətti keçməmişdi?
- Bilmirəm. Oyunun gedişində elə hiss etdim ki, topun yarısı xətti keçmişdi. Amma bu, oyunun gedişində idi və orada fərqli görünə bilər. Lakin matçdan sonra baxdıq və gördük ki, top xətti keçib. Amma hakim heç VAR-a baxmağa getmədi. Hər turda referilərdən danışmaq da çətindir. Başa düşmürük ki, baş hakim niyə ötən turda və ya bu oyunda VAR-a baxmağa getmir. Prinsipcə, “Sabah”la görüşdə hakimliklə bağlı çox sual yox idi. Təbii ki, hamının səhvi olur, bizim də, hakimlərin də...

- Qolu hesaba alsaydılar, geridönüş edə biləcəkdiz?
- Bilmirəm. Amma mütləq ki, oyuna geri qayıdacaqdıq. Həmin anlarda bəlkə də, yenə qol vurardıq. İkinci yarıya yaxşı başladıq. İnsanlar da bunu görürdü. Çox hücumlarımız var idi. İkitərəfli oyun getdi. 

- Səncə Premyer Liqada qalmağı bacaracaqsız?
- Məncə, qalacağıq. Doğrudur, təhlükə yenə var. Amma sözlərimdən imtina edə bilmərəm. Çünki demişdim ki, liqada qalacağıq. 

- Qəbələdə və Gəncədə oynamaq arasında hansı fərqlər var? 
- Şəraitimiz indi belədir. Evdə təbii ki, daha yaxşı olardı. Azarkeşlər bizi tanıyır, biz onları. Qəbələyə də gələn azarkeşlərə təşəkkür edirəm. Amma təbii ki, evdə oynamaq başqadır. Bizə orada daha yaxşıdır.

writer photo
Əlirza Əlirzalı
0