Misli Premyer Liqasının IX turunun “Turan Tovuz” - “Zirə” matçından (1:0) sonra meydan sahiblərinin çalışdırıcısı Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
"Zirə"nin Azərbaycan çempionatında ən aparıcı klublardan olması, ölkəni avrokuboklarda da təmsil etməsi heç kəsə sirr deyil. Biz onsuzda ehtimal etmişdik ki, oyun çox çətin olacaq. İlk yarıda "Zirə"nin üstünlüyü və qol epizodları olsa belə, onların qarşısını aldıqları üçün uşaqlara təşəkkür edirəm. "Zirə"yə qol vurmağa imkan vermədikləri üçün də onlara təşəkkürümü bildirirəm. İkinci hissədə planlı dəyişikliklər etdik. Əvvəlcə oyunu bərabərləşdirdik, müəyyən epizodlarda da onları üstələdik. Əvəzetmələr oyunumuzu gücləndirdi".
- İkinci hissədə hücumda təzyiqi artırdınız. Bu əvvəlcədən planlaşdırılmışdı?
- Bəli, dəyişikliklər planlı şəkildə edildi. Üçüncü dəyişiklik üçün bilmədik ki, kimi əvəzləyək.
- Legioner limitinin olması əl-qolunuzu nə dərəcədə bağlayır?
- Xeyr, legioner limitinin tətbiq olunması bizə xüsusi problem yaratmır. Aleks Souza uzun müddət idi ki, zədələnmişdi, oynaya bilmirdi. Fərid Yusifli kimi futbolçumuz da var, o da meydana çıxanda mübarizə aparır.
- Birinci dövrə başa çatdı. Nəticəni qənaətbəxş hesab edirsiz?
- Qazanılan nəticələrə görə daxili rahatlığımız var, bizi sevindirir. Bu oyun və ondan əvvəlki oyunlar da göstərdi ki, üzərində işləməli olduğumuz çox detallar var.