17 və 19 yaşadək qızlardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, 2023/2024-cü illər mövsümünün birinci mərhələsinin püşkatması onlayn şəkildə keçirilib.
UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunlarında müvafiq yaş qrupundan ibarət Azərbaycan milli komandalarının mübarizə aparacağı qrupları müəyyənləşib. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası B Liqasında Malta, Xorvatiya və Qazaxıstan yığmaları ilə birlikdə 3-cü qrupda qərarlaşıb. Bu qrupun oyunları 2, 5, 8 oktyabrın tarixlərində Xorvatiyada təşkil olunacaq.
B Liqasında mübarizə aparacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi də 3-cü qrupda yer alıb. U-19 A Liqasına vəsiqə qazanmaq uğrunda Sloveniya, Kosovo və Moldova yığmaları ilə mübarizə aparacaq. Qeyd edək ki, bu qrupun oyunları 8, 11, 14 noyabr tarixlərində Sloveniyada keçiriləcək.