Mircavadov Azərbaycan derbisi haqda: “Atmacanın tərəfdarı deyiləm, “Neftçi”nin baş məşqçisi yaxşı deyib”
27.09.2022 - 17:14
Mircavadov Azərbaycan derbisi haqda: “Atmacanın tərəfdarı deyiləm, “Neftçi”nin baş məşqçisi yaxşı deyib”

“Qarabağ” və “Neftçi”nin sabiq baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

- Oktyabrın 1-də Misli Premyer Liqasının VIII turunda əzəli rəqiblər “Qarabağ”la “Neftçi” qarşılaşacaq. Azərbaycan derbisindən gözləntiləriniz nələrdir?
- Belə oyunlarda ajiotaj olur, fan-klublar hərəkətə gəlir. Yaxşı mübarizə gözləyirik. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib ki, “Qarabağ”la görüş bizim düzgün yolda olub-olmadığımızı göstərəcək. Doğrudan da, yaxşı ifadə işlədib. “Neftçi”də baş məşqçi, futbolçular, sistem yenidir. “Qarabağ” üçün də vacib oyundur. Bu komanda “Neftçi” ilə matçdan 5 gün sonra Avropa Liqasında “Olimpiakos”la qarşılaşacaq. Ağdam təmsilçisi neçə gündür oynamır. Düzdür, futbolçuların əksəriyyəti milli komandalarda idi. Amma komanda şəklində oynamayıblar. “Olimpiakos”la matç ərəfəsində “Neftçi” kimi rəqiblə gərgin oyun “Qarabağ”a lazımdır.

- Yəni “Neftçi” ilə oyun “Olimpiakos”la matç üçün yaxşı sınaqdır?
- Mən düşünürəm ki, Yunanıstan səfəri öncəsi “Neftçi” ilə oynamaq vacibdir. Məncə, Qurban Qurbanov əsas heyəti meydana buraxacaq. Eyni zamanda, hər iki komanda millinin çıxışı ilə bağlı yaranan fasilədən sonra bərpa olunmağı düşünür.

- Millinin oyunlarından sonra çox vaxt “Qarabağ”ın çıxışında eniş müşahidə olunur. Yenə eyni hal təkrarlana bilər?
- Mən buna inanmıram. Çünki adətən uduzandan sonra kluba gəldikdə özünü yaxşı hiss eləmirsən. İşlədiyim dönəmlərdə dəfələrlə bunun şahidi olmuşam. Ancaq yığma son iki görüşdə qələbə qazandığı üçün hazırda futbolçularda ruh yüksəkliyi var. Bu, hər iki komandanın üzvlərinə şamildir. Xüsusən də, “Qarabağ”ın ideal heyətlə meydana çıxacağını gözləyirəm. Çünki həmin oyunçuları “Olimpiakos”la matça pik formaya çatdırmaq vacibdir.

- Əvvəllər bu komandaların oyunlarında böyük ajiotaj olardı, istər azarkeşlər, istər futbolçular, istərsə də klub rəhbərləri bir-birlərinə atmaca atardılar. İndi niyə bunların şahidi olmuruq?
- Bəli, indi komandalar oyuna sakit hazırlaşırlar. Ümumiyyətlə, mən atmaca atmağın tərəfdarı deyiləm. Müsahibə vermək, öz fikrini bildirmək olar. Avropa futbolunu da yaxından izləyirəm. Nə İspaniyada, nə İngiltərədə, nə Almaniyada vacib oyunöncəsi rəqibi qıcıqlandıracaq açıqlama verən olmur. Bəlkə də, əvvəllər baş verib. Bu da çox istəkdən qaynaqlanardı. İndi də oyunçularda istək var, sadəcə bütün diqqətlərini matça yönəldirlər, tam meydandakı mübarizəyə fokuslanırlar. İndi həm məşqçilər, həm də futbolçular atmacalardan uzaq durmaq, inkişaf yolunu seçmək barədə düşünürlər.

- Siz də “Qarabağ”ı qarşılaşmanın favoriti hesab edirsiniz?
- Real yanaşsaq, “Qarabağ”ın üstünlüyü çoxdur. Həm sərgilənən oyun, həm heyətdəki futbolçuların keyfiyyəti belə deməyə əsas verir. Amma belə oyunlarda favorit olmur. Çünki futbolçular çox istəkli oynayırlar. Bu cür matçlarda boyundan hündürə tullanmaq lazım gəlir. Səhv eləmək olmaz. VI turdakı “Qarabağ” – “Sabah” (4:3) oyunu çox gözəl alınmışdı. Çox istərdim ki, bu dəfə də eyni tempi görərik. Ümumiyyətlə, belə matçlar ilboyu çox olmalıdır.

- Azərbaycan derbisində həlledici rolu nə oynayacaq?
- Belə görüşlərdə əsas yük liderlərin üzərinə düşür. Hətta rəqibin müdafiəçiləri həmin liderlərə qarşı fərdi oynayırlar. Kiminsə komandanı arxasında aparması çox vacibdir. Hər iki tərəfdə lider futbolçuların necə çıxış edəcəyi mənə maraqlıdır.
 

writer photo
Əlirza Əlirzalı
0