Mirmehdi Rzayev: “Dünyanın ən güclüsü adını qazanacağıq” - MÜSAHİBƏ
03.11.2023 - 15:04
Mirmehdi Rzayev: “Dünyanın ən güclüsü adını qazanacağıq” - MÜSAHİBƏ

Minifutbol üzrə Azərbaycan milli komandasının aparıcı üzvü Mirmehdi Rzayevin apasport.az saytına müsahibəsi

- Azərbaycan millisi Bolqarıstanla görüşdə qalib gəlməyi bacardı. Turnirdəki ən gərgin oyununuzu keçirdiyinizi demək olar?
- Bəli, dünənki oyunun ağır keçəcəyini bilirdik. Rəqib fiziki cəhətdən çox güclü idi. Ancaq biz hər iki hissədə etdiyimiz pressinqlərin bəhrəsini gördük. Qalib gəldiyimiz üçün çox sevinirik. Şadam ki, bunu bacardıq.

- Hesab 3:0 olduqdan sonra sanki komandada arxayınlaşma oldu deyə, rəqib üstünlüyü əldə aldı. Bu da baha başa gələrdi. Razısiz?
- Xeyr, baha başa gəlməzdi. Buraxdığımız qolda da bir az çaşqınlıq oldu. Qollarımızı vurduqdan sonra müdafiə planına keçdik. Ona görə də, oyuna nəzarət 10 dəqiqə Bolqarıstan tərəfə keçmişdi. Yoxsa ki, oyun boyu üstünlük bizim tərəfdə idi. 

- Milli hazırda yarımfinaldadır. Minimum vəzifənin öhdəsindən gəlmisiz, yoxsa minimum vəzifə elə çempionluqdur?
- Vəzifəmiz günü-gündən böyüyür. Biz gələndə ilk vəzifəmiz qrupu lider kimi başa vurmaq idi. Sonra da bütün rəqibləri udaraq çempionluq olmaqdır. Bu gün rəqibimizi məğlub edərək finala vəsiqə qazanmaq istəyirik. 

- Yarımfinala Qazaxıstana qalib gəlmək mümkün olacaq?
- Bütün hər kəs bizdən çəkinir. Çünki artıq öz oyunumuzla hamıya hər şeyi sübut etmişik. Bu gün də qalib gələrək finala çıxmağa çalışacağıq. Qazaxıstan da yaxşı komandadır. Lakin biz özümüzə çox inanırıq.

- Qazaxıstanı Avropa çempionu olduğunuz vaxt yarımfinalda məğlub etmişdiniz. Həmin görüşü necə xatırlayırsız?
- Doğrudur, xatırlayıram. Çox ağır oyun olmuşdu. Avropa çempionatında ilk görüş idi ki, hesabda geri düşmüşdük. Sonra toparlanıb, hesabda önə keçdik. Qazaxıstan millisi yaxşı komandadır. Sadəcə biz hazırda Avropanın ən güclüsüyük. Çempion olaraq dünyanın da ən güclüsü adını qazanacağıq.

- Hər gün oynayırsınız. Yorğunluğu necə bərpa edirsiz, yoxsa istək çoxdur deyə, bunu hiss etmirsiz?
- Bəli, yorğunluq artıq hiss olunur. Hər oyuna çıxdıqda məşqçilərin motivasiyası, bizə ürək-dirək vermələri ayrı stimuldur. Komandada istək çoxdur. Bu gün də meydanda mübarizə apararaq qalib gələcəyik.

- Dünya çempionluğu Azərbaycan minifutbolu üçün nə dərəcədə önəmlidir?
- Avropa çempionatından sonra minifutbola maraq həqiqətən böyüyüb. Demək olar ki, hər kəs minifutbol oynamaq istəyir. Günü-gündən minifutbola dəstək artır. Dünya çempionu olsaq, inanıram ki, bu istək, maraq daha da yüksələcək.

writer photo
Əlirza Əlirzalı
0