Mixal Bilek: “Qarabağ" daha güclü rəqibdir”
16.08.2022 - 20:04
Mixal Bilek: “Qarabağ" daha güclü rəqibdir”

“Qarabağ" daha güclü rəqibdir. Ona görə Macarıstan “Ferensvaroş”u ilə qarşılaşmaq istədiyimizi söyləmişdim”.

Apasport.az saytının məlumatına görə, bunu Çexiyanın “Viktoriya” (Plzen) klubunun baş məşqçisi Mixal Bilek Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis sabah qarşılaşmanın baş tutacağı Tofiq Bəhramov adına Respublika Stadionundakı konfransda fikrini bu sözlərlə davam etdirib: “Burada havanın isti, tribunada rəqib komandanın azarkeşlərinin çox olacağını bilirik. Bakıya hazırlıqlı gəlmişik. Oyuna konsentrasiya olmağa çalışacağıq. “Qarabağ” Polşa, İsveçrə və Macarıstan çempionlarını mübarizədən kənarlaşdırıb. Amma biz də Çexiya çempionuyuq. Rəqibin güclü olduğunu bilirik. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

Bilek meydana hansı heyətlə çıxacaqlarını açıqlamayıb: “Start heyətini və hansı oyun üslubunda oynayacağımızı indi demək istəməzdim. Hər şeyi sabah görmək mümkün olacaq. Hələ qruplara qalmamışıq. Sonadək mübarizə aparmalıyıq. Çünki uzun yol qət etmişik”.

Təcrübəli baş məşqçi Bakıda qalib gəlmək istədiklərini gizlətməyib: “Evdə rahat oynamaq üçün burada qələbə yaxşı olardı. Amma sabah meydanda nəyin necə olacağını bilmirik. “Qarabağ”ın hücum xətti güclüdür. Ona görə də 2 hücumçu ilə oynayıb-oynamayacağımızı bilmirik”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Viktoriya” oyunu saat 20:45-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0