Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Çempionlar Liqasından qitənin üçüncü dərəcəli turnirinə düşəcək komandaların potensial rəqibləri müəyyənləşib.
Çempionlar yolunun püşkatmasında “Qarabağ”ın da mümkün rəqibi bilinib. Azərbaycan təmsilçisinin Polşa “Lex”i ilə Çempionlar Liqasının I təsnifat mərhələsində təşkil etdiyi cütün məğlub komandası Konfrans Liqasının II raundunda yollanacaq.
“Qarabağ” - “Lex” cütünün məğlubu Çempionlar Liqasının I raundundakı “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu ilə Konfrans Liqasının II mərhələsində üz-üzə gələcək. Təmsilçimizin təşkil etdiyi cütün zəifi ilk görüşü evdə keçirəcək.
Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 21-də və 28-də olacaq.