Avropa Liqasının qrup mərhələsində uğurla çıxış edən “Qarabağ” ardıcıl ikinci qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, “Frayburq”a Almaniyadakı 1:2 hesablı məğlubiyyətdən sonra Bakıda “Nant”ı üç topla darmadağın edən Qurban Qurbanovun yetirmələri Yunanıstanda “Olimpiakos”a da eyni aqibəti yaşadıb.
İki böyükhesablı qələbə Azərbaycan çempionunun mövqeyini xeyli yaxşılaşdırıb. Püşkatmadan sonra qrupdan çıxmaq, heç olmasa 3-cü yerlə Konfrans Liqasına düşmək barədə düşünülürdüsə, artıq “Frayburq”la birincilik mübarizəsi haqda fikirləşməyə də dəyər.
Hər halda, qrup mərhələsinin I dövrəsinin yekunları belə deməyə əsas verir. “Qarabağ” mərhələni ikinci pillədə yarılayıb.
Avrokubokların qrup mərhələsinin yarılandığını nəzərə alıb ekvator xəttində virtuallığa da qapılmaq olar. Məsələn, təsəvvür edək ki, qrup mərhələsi 2 deyil, elə 1 dövrədən ibarətdir. Yəni qrup turniri indi bitsəydi, nə olardı?
“Qarabağ”ı gözləyən bu virtual perspektivə nəzər salaq. Ağdam klubu qrup ikincisidir. Bu, təmsilçimizi pley-offa, 1/16 finala bərabər olan raunda daşıyır.
“Qarabağ” sonadək bu pillədə qalsa, məhz pley-offda oynayacaq. Bu raundda qrup ikinciləri Çempionlar Liqasında 3-cü yeri tutaraq Avropa Liqasına yuvarlananlarla görüşəcək. Yəni Qurbanovun komandası elə 2-ci sırada qalsa, Çempionlar Liqasından gələcək rəqiblə 1/8 finala vəsiqə üçün mübarizə aparacaq. Avropa Liqasının qrup qaliblərinin birbaşa 1/8 finalda olduğu isə bəllidir.
Virtuallığa qapılmışkən elə Çempionlar Liqasının indiki durumuna da baxaq. Əgər qruplar indi bitsəydi, “Qarabağ”ın qarşılaşa biləcəyi üçüncü pillənin 8 sahibinin adına baxmaq mümkündür.
I dövrədən sonra üçüncü yerdə olanlardan yalnız “Ayaks” “Böyük beşlik” liqalarını təmsil etmir. Amma “Nant” üzərində darmadağın göstərdi ki, “Böyük beşlik” də fəth olunmaz deyil.
Düzdür, hazırda qrup üçüncüsü olanlar Almaniya klubları “Bayer”, “Ayntraxt”, “Leypsiq”, İspaniya təmsilçiləri “Barselona”, “Sevilya”, İtaliya komandaları “Milan”la “Yuventus”dur. Bu rəqiblər asan yem olmasa da, keçilməz də deyil.
Qeyd edək ki, qrup mərhələsinə noyabrın 3-də yekun vurulacaq və virtual perspektiv reallığa çevriləcək.