“Qarabağ”ın sabiq futbolçusu: “Bu, Musa Qurbanlı və Ramil Şeydayev üçün xeyirli oldu”
07.01.2023 - 12:33
“Qarabağ”ın sabiq futbolçusu: “Bu, Musa Qurbanlı və Ramil Şeydayev üçün xeyirli oldu”

“Kadi “Qarabağ” üçün böyük önəm daşıyırdı. Bu komandada özünəinamı da çox artmışdı”. 

Bunu apasport.az saytına “Qarabağ”ın sabiq futbolçusu Paşa Əliyev deyib. 

O, Ağdam təmsilçisinin aparıcı legioneri Kadi Borgesin “Krasnodar”a keçidinə təəssüfləndiyini bildirib: “Hər legioneri bəyənmirəm. Amma Kadi istisna idi. İndiyə qədər Azərbaycana gəlib-getmiş 5 güclü legioner varsa, biri Kadi idi. Bu, subyektiv fikrimdir. Amma o, əvvəllər elə də önəmli futbolçu olmayıb. “Qarabağ”da bütün potensialını açdı və nəyə qadir olduğunu göstərdi. Azərbaycan, “Qarabağ” Kadi üçün düşərli oldu. Bu cür futbolçular tək-tükdür. Həm qol vura bilir, həm “otbor” edir, həm oyun quruculuğu var. Nadir hallarda belə futbolçu olur. Onun gedişi daxili oyunlarda “Qarabağ”a ziyan göstərməyəcək. Amma avrokuboklarda Kadinin yeri görünəcək. Bu, 100 faizdir”. 

Veteran futbolçunun sözlərinə görə, Kadiyə Rusiya Premyer Liqasında oynamaq heç də asan olmayacaq: “Hər futbolçu istənilən komandada dəyərli olmur. Fikrimcə, istənilən halda, o, “Krasnodar”da “Qarabağ”dakı kimi olmayacaq. Çünki bura onun üçün düşərli idi. “Qarabağ” Kadinin gedişi ilə çox şey itirdi”.

Veteran futbolçunun fikrincə, braziliyalının gedişi yerli futbolçular üçün yaxşı şans yaradacaq: “Kadinin gedişi Musa Qurbanlı ilə Ramil Şeydayev üçün xeyirli oldu. Bu iki futbolçunun potensialı da açılacaq, möhkəmlənəcəklər. Hər ikisi çempionatın bombardirləridir. Onlar da öz sözünü deməlidir. Təki Ramillə Musa da artırsın. Doğrudur, artırıblar, amma ondan da artığını edə bilərlər. Sadəcə, oyun təcrübələri çatmırdı. Ən çox da Musa Qurbanlı üçün istəyirəm. Milli komandamızın üzvüdür. Doğrudur, Ramil Şeydayev də özümüzünküdür. Sadəcə, Musa daha cavandır. Hər ikisi artırsa, Azərbaycan millisi üçün də xeyirli olacaq”.
 

writer photo
Əlirza Əlirzalı
0