Qismət Alıyev: "Oyunlar göstərir ki, seçmə mərhələlərdə daha yaxşısını edə bilərik" - Müsahibə
13.06.2024 - 11:14
Qismət Alıyev: "Oyunlar göstərir ki, seçmə mərhələlərdə daha yaxşısını edə bilərik" - Müsahibə

Azərbaycan milli komandasının üzvü Qismət Alıyev apasport.az saytına müsahibə verib.

- Albaniya və Qazaxıstanla görüşlər barədə ümumi fikrin necədir? 
- Birinci gündən komandamız oyunlara çox yaxşı hazırlaşırdı, yaxşı da motivasiya olmuşduq. Məşqlərdə də istəkli idik. Albaniya həm hücumda, həm də müdafiədə intizamlı futbol oynayan komandadır. Avropa çempionatına hazırlaşırdılar. İlk oyunda 20-ci dəqiqəyə qədər istədiklərimizi alındıra bilmirdik. Amma sonradan komandamız hücumlarda daha aktiv idi, istədiklərimizi alındıra bilirdik. İkinci yarıda daha çox fürsətlərimiz oldu, sadəcə son nöqtəni qoya bilmədik. Qazaxıstanla görüşə gəldikdə, onlar da bizimlə başabaş komandadır. Onlarla oyuna yaxşı başlaya bilmədik. Cüzi səhvdən qol buraxdıq. Ardınca isə əks-hücumda qol vurdular. Lakin xarakter göstərib, iki qol vurub qalib gəldik.

- Qazaxıstana son iki oyundur ki, qalib gəlirik. Halbuki bu komanda Avropa çempionatının bir addımlığında idi. Onları məğlub etməyimiz bizim də Avropa çempionatına gedəcək potensialda olduğumuzu göstərir?
- Bizim millidə həmin perspektivi görürük. Futbolçuların fərdi keyfiyyətlərində belə, onlardan geri qalmırıq. Sadəcə qrupumuza elə komandalar düşmüşdü ki, reytinqdə də geri qalırdıq. Millətlər Liqasında da güclü komandalar var. Oyunlar göstərir ki, bundan sonra seçmə mərhələlərdə daha yaxşısını edə bilərik. 

- Bəziləri iddia edir ki, Azərbaycan millisi hazırda tarixinin ən güclü futbolçu nəslinə sahibdir. Razısan?
- Artıq futbolçularımız daha çox legioner həyatı yaşanmağa başlayıblar. Öz klublarında oynayırlar, milliyə də xeyirləri dəyib. Bundan qabaqkı futbol tam başqa cür idi, futbol da dəyişib. Fikrimcə, bundan sonra da futbolçularımız legioner həyatı yaşasa, millimizə daha çox xeyri olar. Albaniya millisinin demək olar ki, əksər üzvü legioner həyatı yaşayırlar. Milliyə xeyirləri daha çox olur. Vaxt keçdikcə, bundan da yaxşı olacaq.

- Bəs, sən özün nə vaxt getmək istəyirsən xaricə?
- Hamı istəyər ki, legioner həyatı yaşasın. Gec olduğunu düşünmürəm. Hər bir yaşda yaxşı təklif olarsa, dəyərləndirmək olar. İndi bütün fikrim “Zirə”yə yönəlib. Bundan sonra hər şeyi zaman göstərər. Yaxşı təklif olarsa, fikir bildirmək olar.

- Millinin baş məşqçisi Fernandu Santuş oldu. Bu təyinatı neqativ qarşılayanlar çoxdur. Sənin fikrin necədir?
- Təbii ki, tanınmış, Avropa çempionu olan məşqçidir. Onun necə mütəxəssis olduğunu bilirik. Uğur qazanan məşqçidir. Məncə, milli komandamıza xeyri dəyə bilər. Biz futbolçular meydana çıxırıqsa, hər şeyimizi verməyə hazırıq.

- Millətlər Liqasında İsveç, Slovakiya və Estoniya ilə qarşılaşacaqsız. Səncə, milli qrup birincisi olmaq üçün nə etməlidir və şansımız nə qədərdir?
- Hər üç komanda ilə yaxın keçmişdə oynamışdıq. Özü də, hər birinə qaib gəlmişik. Fikrimcə, bu komandalar bizə qarşı başqa cür motivasiya ilə çıxacaqlar. Biz isə yenə də eyni istək, eyni motivasiya ilə çıxacağıq. Optimal formada oynayacağıq. Allah qoysa, ən yaxşısını etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

writer photo
Əlirza Əlirzalı
0