“Daha əvvəl də qeyd etmişdim ki, Çempionlar Liqasında zəif komanda olmur. Bütün komandalar öz ölkəsinin çempionlarıdır”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.
50 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında Polşa təmsilçisi “Lex”ə rəqib olmalarını dəyərləndirib. O, bildirib ki, avrokuboklarda iştirak edən komandaların təcrübəsi çoxalıb: “Hər bir rəqib həm klub, həm də komanda olaraq çox ciddi hazırlaşır. Bütün komandalar anlayır ki, bu turnirdə uğurlu çıxış etmək həm gələcək perspektivləri baxımından vacibdir, həm də maddi üstünlüklər əldə etmək olar”.
Qurbanovun fikrincə, mümkün rəqiblər arasında ən güclüsü ilə qarşılaşacaqlar: “Çempionlar Liqasının bu təsinfat mərhələsində potensial rəqiblərimiz arasında ən güclü komandalarından biri “Lex” idi. “Lex” bu il yaranışının 100 illiyini qeyd edir. 2022-ci ilə xüsusi yanaşırlar. Əbəs yerə deyil ki, 7 il sonra Polşa çempionu oldular. Bu komanda da püşkdə bizə rəqib oldu. Hər bir rəqibə qarşı ciddi hazırlaşırıq. İnanıram ki, püşkdə bu rəqibin düşməsi bizi və futbolçuları daha da məsuliyyətli edəcək”.
Baş məşqçi hazırlaşmaq üçün az vaxtlarının olduğunu əlavə edib: “Futbolçuların çoxunun istirahətə vaxtı yoxdur. Öncə bu rəqibə qarşı öz idman formamızı yaxşılaşdırmalıyıq. İnşallah, çalışacağıq ki, ən düzgününü, doğrusunu edək. Həqiqətən də, çox ciddi rəqibdir. Az vaxtda çalışmalıyıq ki, rəqibə qarşı çox düzgün hazırlıq keçək”.
Qeyd edək kİ, I təsnifat mərhələsinin ilk qarşılaşmaları iyulun 5-6-da, cavab görüşləri isə 12-13-də keçiriləcək.