Avropa Liqasında eyni komanda ilə daha çox oyun keçirən baş məşqçilərin siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, yarışın hazırkı adı ilə keçirildiyi 2009-cu ildən indiyədək eyni klubu əsas mərhələdə ən azı 30 matça çıxaranlar bəlli olub.
Buna indiyədək 6 mütəxəssis nail olub. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da “Top-6”da yer alıb.
Qrup mərhələsinin baş tutmayan bir görüşü və Zaur Tağızadənin adının protokola yazıldığı oyunu nəzərə almasaq, Qurbanov 34 dəfə “Qarabağ”ı Avropa Liqası qarşılaşmasına çıxarıb. Bu, turnirin 4-cü göstəricisidir.
50 yaşlı mütəxəssis siyahıya düşməyi bacaran iki məşhur sima - Kurban Berdiyev və Stiven Cerrardı da arxada qoyub. Yalnız üç mütəxəssis bir komandanı Qurbanovdan daha çox görüşə çıxarıb. Rekordçu Jorje Jezusdur. O, “Benfika”da 46 görüşün həyəcanını yaşayıb.
1. Jorje Jezus (“Benfika”) – 46
2. Stale Solbakken (“Kopenhagen”) – 43
3. Unay Emeri (“Sevilya”) – 39
4. Qurban Qurbanov (“Qarabağ”) - 34
5. Kurban Berdiyev (“Rubin”) – 32
6. Siven Cerrard (“Reyncers”) - 30