Rasim Ramaldanov: "Başqa yolumuz yoxdur" - Müsahibə
15.10.2024 - 18:17
Rasim Ramaldanov: "Başqa yolumuz yoxdur" - Müsahibə

Azərbaycan milli komandasının sabiq müdafiəçisi Rasim Ramaldanov apasport.az saytına müsahibə verib.

- Azərbaycan millisi Slovakiya ilə matçda 1:3 hesabı ilə uduzdu. Həmin məğlubiyyəti necə şərh edərdiniz?
- Düzünü desəm, bu dəfə millimizi daha istəkli gördüm. Futbolçuların qələbə qazanmaq istəyi meydanda görünürdü. Müdafiədə bir az anlaşılmazlıq var idi. Ümumiyyətlə, qırmızı vərəqəyə kimi millimiz Slovakiyaya qarşı başabaş mübarizə apardı. Təəssüf ki, sonda məğlubiyyət qeydə alındı.  

-Mahir Emrelinin qırmızı vərəqə alması millinin məğlubiyyətində çox rol oynadı? Ümumiyyətlə, Emrelinin özünü bu cür məsuliyyətsiz aparmasına münasibətin necədir? 
- Sözsüz ki, qırmızı vərəqə oyunda böyük rol oynadı. Çünki elə epizod da yox idi ki, məcburiyyətdən ikinci sarı vərəqə alasan. Həmin anda bir az diqqətli olmaq lazım idi. 

- Fernandu Santuş hər dəfə mətbuat konfranslarında vaxt və səbr lazım olduğunu deyir. Səncə, bunlar yalnız bəhanələrdir, yoxsa Santuşun millidə nəsə edəcəyinə inanırsan?
- Nəsə dəyişəcək, yoxsa dəyişməyəcək... Bunların hamısını zaman göstərəcək. Ancaq indilərdə Santuşdan nəsə istəmək düz çıxmaz. Santuş olmasın, ya başqa məşqçi olsun, belədir. Kim gəlirsə-gəlsin ondan dərhal nəyisə düzəltməsi mümkün deyil. Dəqiq belədir. Ona görə də, məncə, vaxt lazımdır. Zamanla hər şeyi görəcəyik.  

- Azərbaycan millisi Fernandu Santuşun rəhbərliyi altında Millətlər Liqasında dörd oyundur ki, məğlub olur və qrupda da sonuncudur. Belə davam edərsə, Millətlər Liqasında D liqasına düşəcəyik. Orada San Marino, Andorra kimi rəqiblər var. Santuş isə biabırçılıq adlandırmır...
- Millətlər Liqasında D liqasına düşməyi sözsüz ki, millimizə yaraşdırmıram. Hələ qarşıda oyunlarımız var. Bu vəziyyətdən çıxmaq lazımdır. İsveç və Estoniya ilə görüşlərimiz var.

- Dediyin kimi, Azərbaycan millisinin qarşıdakı İsveç və Estoniya ilə oyunları var. Bu matçlarda uğurlu nəticə qeydə alına bilər? 
- Estoniyanı mütləq evdə məğlub etməliyik. Başqa yolumuz da yoxdur. İnanın, İsveçi də məğlub etmək olar. Amma minimum heç-heçə etmək lazımdır. Komandamızda istək və inam olmalıdır. Bu şərtdir, başqa cür olmaz. 

- Fernandu Santuş qısa müddət ərzində millinin kapitanını üç dəfə dəyişib. O, öncə Emin Mahmudovdan kapitanlıq sarğısını Abbas Hüseynova verdi. Dünən isə komandamızı meydana Bədavi Hüseynov çıxardı. Səncə, Santuş nə etmək istəyir? 
- Bu məsələyə müdaxilə etmək istəmirəm. Doğru olmazdı. Komandanın içində nə baş verdiyini bilmirəm. Ancaq Fernandu Santuş çox təcrübəli məşqçidir. İllərdir ki, futboldadır, Avropa çempionudur, təcrübəlidir. Nə edirsə, özü daha yaxşı bilir. Mən milli komandamıza uğurlar arzu edirəm.

writer photo
Əlirza Əlirzalı
0