Rauf Əliyev: "Almaniya klubları heç kimi bağışlamır" - MÜSAHİBƏ
27.10.2023 - 13:02
Rauf Əliyev: "Almaniya klubları heç kimi bağışlamır" - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi

- “Qarabağ” Avropa Liqasının üçüncü turunda “Bayer”ə uduzdu. Bu, sizin üçün gözlənilməz oldu? 
- Nəticəni nəzərdə tutursuzsa, yox. Amma “Qarabağ”ın hazırda ən yaxşı formasında olan “Bayer”ə qarşı Leverkuzendə bərabərlik əldə etməsi də, böyük nəticə sayılacaqdı. Çünki “Bayer” çox güclüdür, yüksəlişdədir, bu mövsümü əla keçirir. Açığı deyim, 1:5 hesablı məğlubiyyət gözlənilməz oldu. Futboldur da, hər şey olur. Almaniya klubları belə matçlarda heç kimi bağışlamır.

- "Qarabağ"ın rəqibinə belə hesabla uduzmasının səbəbi nə idi? 
- Bunun bircə səbəbi var. O da səviyyə fərqidir. “Bayer” bu mövsüm çox yaxşı durumdadır. Hər halda, onlar bu matçda da göstərdi ki, əbəs yerə çempionluğa oynamır. 

- Almaniyadakı məğlubiyyət Azərbaycan çempionuna psixoloji cəhətdən ikiqat zərbə olmayacaq? 
- Xeyr, inanmıram ki, “Qarabağ”a psixoloji cəhətdən zərbə olsun. Qurban Qurbanov oyundan əvvəl də demişdi ki, bu matçlar futbolçular üçün vacibdir. Beynəlxalq arenada belə klublara qarşı görüşlər futbolçulara çox lazımdır. İnanmıram ki, psixoloji təsir göstərsin.

- "Qarabağ" "Böyük beşlik" təmsilçiləri ilə görüşlərdə niyə uğurlu nəticə qazana bilmir? 
- Burada yaxşı hal odur ki, azarkeşlər “Qarabağ”dan hətta böyük liqaların təmsilçiləri ilə oyunlarında qələbə, bərabərlik gözləyir. Komandaya inanırlar. Həqiqətən yaxşı haldır. Amma futbol tərəfdən götürsək, görünür ki, biz onlardan xeyli geri qalırıq. 

- "Bayer"i Bakıda məğlub etmək və ya daha yaxşı oynamaq mümkündür? 
- Bakıdakı oyunun tam fərqli olacağına inanıram. Başqa qarşılaşma izləyəcəyik. Bundan əminəm. Allah qoysa, "Qarabağ" uğurlu nəticə əldə edər. 

- Bəs, bu məğlubiyyətə baxmayaraq, təmsilçimizin qrupdan çıxacağına inanırsız? Sizcə, onlar bunu edə biləcək?
- “Qarabağ”ın qrupdan çıxacağına inanıram. Qarşıda “Hekken” və “Molde” ilə görüşlər var. İnanıram ki, komandamız bu oyunlarda uğurlu nəticə qazanaraq ikinci yer kimi qrupdan çıxacaq. “Bayer” əvvəldən də ehtimal edildiyi kimi qrupun favoritidir. Allah qoysa, “Qarabağ” ikinci yerlə növbəti mərhələyə adlayar.

writer photo
Əlirza Əlirzalı
0