Reqekampf: "Sevinirik"
26.04.2023 - 22:33
Reqekampf: "Sevinirik"

"Bu cür hissləri hiss etməyi çox sevirəm. Sevinirəm ki, komandam ilk dəqiqələrdən sona qədər futbol oynamağa çalışırdı. Biz bütün komponentlərdə rəqibi üstələmişdik. Məğlub da ola bilərdik. Son 3-4 oyunda bəxtsizliyimiz var idi. Hazırda sevinirik. Oyun haqda çox danışmalı deyilik. Kubok matçları hər zaman fərqli olur. Nəticə hər 2 komanda üçün açıq olur. Sevinirik ki, finalı doğma stadionumuzda keçirəcəyik. 1 aya qədər vaxtımız var ki, istədiyimiz kimi hazırlaşaq. Hər şeyi edəcəyik ki, kuboku qazanaq".

Apasport.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Reqekampf Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Turan Tovuz"a 2:0 qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

– Emin Mahmudovun vurduğu qola qədər nə düşünürdünüz? 
Rəqib 6 oyunçu ilə müdafiə olunurdu. Ona qarşı nə taktika fikirləşə bilərəm? Hər epizodda yerə yıxılıb, vaxt aparırdılar. 2 dəfə top qapı tirinə tuş gəldi, sonra 2 qol vurduq, bəxtsizlik oldu, çətin idi. Cinahdan rəqibi yarmağa çalışdıq. Həm Ömər Buludov, həm də Azər Salahlı oyuna güclü qoşulmağa çalışdı. Sezar Meza Kolli topla olanda təhlükə yaradır. Yeqor Boqomolski elə hücumçudur ki, ona qarşı oynamaq çətindir. Yeqorun ötürməsi bizi finala daşıdı. Meydanda hər bir oyunçu bacardığını etməyə çalışdı. Rəqib arxaya divar hörəndə çətin olur. İnanın ki, əminliklə deyə bilərəm ki, 2-ci dəqiqədəki qol sayılsaydı... Xatırlayırsınız, "Kəpəz"lə matçda son dəqiqələrdə qol vurduq, xətti başqa cür çəkmişdilər. Mən gördüyüm o idi ki, Emin ofsayd epizodunda yox idi. Bəlkə Ataa Caber var idi. Ömərin epizoduna baxsaq, ona cərimə təyin olunursa, onda Tovuzdakı matça nəzər yetirək. Şəhriyar Əliyev Mateus Saldanyanı harada tururdu, vururdu. Toplu və topsuz. Kifayət qədər insanlar var ki, referi haqda danışa bilər. Mən öz komandam haqda danışa bilərəm.

- Bu heyət avrokuboklarda neçə mərhələ keçməyinizə imkan verər?
- Gəlin, bu haqda indidən danışmayaq. Çünki final oyunumuz var. Futbolçuları hazırlamalıyıq. Bəzi oyunçularımız zədəlidir, onlarla maraqlanmalıyıq. Ataa Caber, Eddi İsrafilov, Azər Əliyev 100 faiz hazır deyil. Bu ay onlarla işləməliyik. Bütün konsentrasiyanı finala yönləndirəcəyik. Həm də çempionat matçlarına. Mövsüm tam bitdikdən sonra qarşıdan gələn sezonun planı haqda danışa bilərik. Amma biz bəzi dəyişikliklərə hazırıq. Komandanı daha güclü etmək istəyirik.

- Yeqor Boqomolskinin tam istəniləni verməsi üçün nə qədər vaxt lazımdır?
- Gəncdir. Əvvəldən meydana çıxanda 10 km qaçır. Ona qarşı oynamaq çətindir. Hər zaman hərəkətlidir. Hər zaman qapıya doğru gedir. Əminəm ki, oyundan-oyuna daha yaxşı olacaq. Mateus Saldanyaya da rəqabət lazımdır. Saldanya istədiyimizi edə bilməyəndə dərhal Yeqorla dəyişiləcək. Ümid edirəm ki, qarşıdakı sezonda ehtiyat skamyada oyunçular olacaq. Çünki bəzi məşqlərdə əvəzedici heyətdən 6-7 futbolçu çağırırıq ki, kifayət qədər oyunçu olsun. Belə olanda futbolçular istədiyi səviyyəyə gəlib çata bilmir. Çünki həftəboyu ancaq rəqib kimi əvəzedici heyətə qarşı oynayırsansa, matçda fərqli şəkil görünür. Daha güclü olmaq üçün daha güclü rəqabət lazımdır. Futbolçular istədiyimiz səviyyədə çıxış etməyəndə onlar ehtiyatda oturacaq və digərləri oynayacaq. Onda "Neftçi" daha güclü olacaq.

- Əlavə vaxt üçün xüsusi planınız var idi?
- Niyə elə düşünək? Gəlin, indiki məqama sevinək. İnanın ki, o ssenarini düşünmək istəmirəm.

- Kubokda 0:1 uduzduqdan sonra geridönüş edirsiniz. Final 1 oyundan ibarətdir...
- Kubok oyunları çempionat matçlarından fərqli keçir. Finalda evimizdə oynayırıq. Biz hazır olmalıyıq. Çünki 1 oyundur. Hər bir komanda qalib ola bilər. Finalda uduzmaq çox üzücüdür. Mənim ağlımdan da keçmir. 

- Finalda hansı komandanı gözləyirsiniz?
- Fərqlidir. Biz onu müqayisə edə bilmərik. Final oyunudur, hər 2 komanda çox yaxşı hazır olacaq. Böyük istək olacaq. Əgər oynayacağın rəqibin səndən zəif olduğunu düşünsən, oyuna 100 faiz konsentrasiyalı çıxmasan, uduzarıq.

- "Neftçi"nin "Qarabağ"la oyunu təxirə salındı. Arada yaranan müddət "Neftçi" futbolçularına mənfi, yoxsa müsbət təsir edəcək?
- Qələbə "Neftçi"yə daha yaxşı təsir edir. Atmosfer daha yaxşı olur. Bu sezonda "Qarabağ"a qalib gəlməyə çalışacağıq. Asan matç olmayacaq. Ümid edirəm ki, bu yarımfinal matçından sonra komandanı istədiyim yerə gətirib çıxara biləcəyəm. Əlbəttə ki, böyük emosiya dolu oyun olacaq. Mübarizə gedəcək. 2 komanda da futbol oynayacaq. Kimin günü daha yaxşı olacaq, o komanda da qalib gələcək.

writer photo
Əlirza Əlirzalı
0