Rəşad Sadıqov: “Belə göründü ki, Rəşada etiraz eləmək olmaz"
26.08.2022 - 22:26
Rəşad Sadıqov: “Belə göründü ki, Rəşada etiraz eləmək olmaz"

“Hamı üçün maraqlı oyun oldu".

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının IV turunda “Neftçi” ilə keçirilən oyun barədə danışarkən deyib.

Gənc mütəxəssis 1:2 hesabı ilə məğlub olduqları matçın ardından komandasının çıxışını dəyərləndirib: “Qol imkanları çox deyildi, amma gərgin mübarizə oldu. Oyuna passiv başladıq, rəqib bundan yararlanıb fərqləndi. Ondan sonra fəallaşdıq, hesabı da bərabərləşdirdik. Daha sonra "Neftçi" daha böyük qüvvə ilə irəli atıldı. Rəqib müəyyən boşluqlar verdi, bundan yararlanıb qol vura bilərdik. Əgər bir oyunda qapın qarşısında 2 epizod yaranırsa və hər ikisi qolla nəticələnirsə, heç nə edə bilmərsən. Bu mövsüm qapımızda yaranan bütün təhlükəli vəziyyətlər qolla nəticələnir. Belə məqamda səbirli olmaq lazımdır. Bu oyunu saxlayıb, bir az da yaxşılaşdırmaq lazımdır. Mövsümün əvvəlidir, futbolçuların optimal formada olması mümkün deyil. Növbəti rəqibimiz “Qəbələ” də güclü komandadır. İlk 5 oyunun 3-də əsas rəqiblərimizlə qarşılaşırıq”.

Baş məşqçi AFFA İntizam Komitəsinin ona xəbərdarlıq etməsinə də münasibət bildirib: “Oyuna 2-3 saat qalmış bunu bildim. Onsuz da, matçların gedişində yanlış davranış olanda hakimlər xəbərdarlıq edirlər. Bu dəfə rəsmi şəkildə xəbərdarlıq oldu. Əslində həmin oyunboyu hakimə xüsusi heç bir etirazım olmayıb. Həmin epizodda düşündüm ki, epizoda baxılmayacaq, ona görə etirazımı bildirdim. Mənim istədiyim o idi. Çünki monitor düz qarşımızda idi, epizodun əvvəli göstərilmirdi. Bəlkə sonradan baxılacaqdı, bunu bilmirəm. Düşünürdük ki, həmin epizoda baxılmayacaq. Etiraza qalsa, hər iki tərəf etiraz edirdi. Belə göründü ki, Rəşada etiraz eləmək olmaz. Nəzərə alarıq. VAR hakimlərinin səsyazısına baxdıqdan sonra gördük ki, epizodu deyirlər. Ən çox heyfsiləndiyim epizod o yox, Rəhim Sadıxovun epizodu idi. Ya orada da heç nə yox idi, ya da ikisinə də baxmaq lazım idi. Mənə görə Rəhimin epizodu aşkar penalti idi. Amma uduzduğumuz üçün hakimin üzərinə yüklənmək istəmirəm. Dediyim odur ki, 6 dəqiqəlik fasilədə başqa epizod gedirdi. Bizi də başa düşmək lazımdır. Bizə də anlayış olsa, düşünəcəyəm ki, bəlkə mən burada düz eləməmişəm. Biz də epizodlara baxdıqdan sonra davranışlarımızı təhlil edirik. Bu günə qədər heç kim deyə bilməz ki, Rəşad meydanda kimisə təhqir elədi. Həyatı boyu belə bir şey olmayıb. Kəskin etiraz ola bilər. Həmişə də ən sakit olduğum oyunlarda bu baş verir. Əsas odur ki, bu hallar gələcəkdə təkrarlanmasın”.

O, Lionel Messi və Kriştiano Ronaldonu yerli futbolçulara nümunə göstərib: “Yerli futbolçularımızda potensial var. Amma futbol sevgisi, özünün işinə qarşı sevgi ən vacib amillərdir. Lionel Messi 6 dəfə ilin futbolçusu seçilib, amma yenə də Kriştiano Ronaldo ilə rəqabət aparır. Ronaldo da onunla rəqabətdədir. Ronaldo özünə komanda axtarır ki, Çempionlar Liqasında oynayım. Demir ki, uzun illərdir Çempionlar Liqasında çıxış edirəm. Bizdə bu keyfiyyət çatışmır. Bu olandan sonra futbolçularımız tam başqa səviyyədə olacaqlar”.

Rəşad Sadıqov müdafiəçi Cəlal Hüseynovun “Şamaxı”ya icarəyə verilməsinə də münasibət bildirib. O, futbolçu karyerası zamanı başına gələni buna misal göstərib: “Kayserispor”da oynayan vaxtlarım idi. Noyabr idi, “İnönü”də “Beşiktaş”a qarşı çıxış edirdik. Çox yaxşı oyun göstərmişdim, hətta daha böyük klubların maraq dairəsinə düşmüşdüm. Amma üç ay sonra Qusarda qarlı havada palçığın içində oyun keçirdi, mən də orada iştirak edirdim. Ondan sonra zədələndim, əsas heyətdə yerimi itirdim. Məsləhət oldu, 4-5 aylıq “Neftçi”yə qayıtdım. Bəlkə də, həmin ilin dekabrında başqa kluba transfer olunacaqdım. Amma həyat elə gətirdi ki, zədələndim, “Neftçi”yə gəldim. Cəlal da bir il əvvəl “Benfika”ya transfer ola bilərdi, amma bu gün “Şamaxı”ya keçir. Bu mənim istəyim deyil. Məndən olsa, Cəlal komandama lazımdır. Ən azı 10-15 oyunda iştirak edəcəkdi, rəqabət də olacaqdı. Millinin son 3 oyununda əsas heyətdə çıxış etdiyini də nəzərə aldıq. Ümumən belə qərara gəldik. Bu o demək deyil ki, Cəlal futbolçu kimi gözümdən düşüb. Ötən mövsüm kubokun final oyununa qədər Cəlal 120 dəqiqə meydanda olub”.

Ruslan Sadıqov

writer photo
Əlirza Əlirzalı
0