Rəşad Sadıqov: "Sanki meydanda taktiki savaş gedirdi"
26.11.2023 - 20:23
Rəşad Sadıqov: "Sanki meydanda taktiki savaş gedirdi"

Bu gün Misli Premyer Liqasının XIV turu çərçivəsində "Sumqayıt" "Zirə"ni qonaq edib. Görüş elə başladığı kimi də başa çatıb: 0:0

Apasport.az xəbər verir ki, matçdan sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqovun iştirakı ilə mətbuat konfransı keçirilib. Əvvəlcə oyun haqqında fikirlərini bildirən mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Oyun çox sürətli başladı. Artıq 15-ci dəqiqədə hər iki qapıda çoxsaylı qol epizodları var idi. Hər iki komanda  hücum futboluna üstünlük verirdi. Fasilədə futbolçularla danışdıq ki, topsuz oyunu bir az da aqressivləşdirib, oyuna nəzarəti öz üzərimizə götürməliyik. Sevindirici amil odur ki, ikinci yarıda aqressivliyimizi artırdıq və demək olar ki, rəqibə ilk hissədə etdikləri kombinasiyaları etməyə imkan vermədik. Oyunun nəzarəti bizim əlimizdə idi. İkinci yarıda da hücumlarımız oldu. Sanki meydanda taktiki savaş gedirdi. Hər iki komandada meydana sonradan daxil olan futbolçular oyunun sürətini artırdılar. Son saniyələrə qədər çox gərgin oyunun şahidi olduq. Bu tip oyunlar futbolumuzun yalnız və yalnız xeyrinə olacaq. "Sumqayıt"la səfərdə bir xal pis nəticə olmadı. Qələbə də qazana bilərdik, uduza da bilərdik. Xüsusən ikinci hissəni dəyərləndirsək, hər iki komandanın çoxsaylı qol epizodları oldu. İkinci yarı daha çox bizim nəzarətimizdə keçdi. Bunu nəticəyə çevirə bilmədik. Amma dediyim kimi, bir xal da bizim üçün pis nəticə deyil".

- Hazırda Azərbaycan yığmasının potensialının daha üstün olduğunu düşünürsüz? Son tsikldə 7 xaldan çoxunu da yığmaq olardı? Yaxud da Millətlər Liqasında daha uğurlu çıxış etmək mümkün idi? 
- Bir az çətin sualdır. Həmin gün rəqiblərin performansını da nəzərə almaq lazımdır. Belə ümumi cavab vermək düzgün deyil. Bəlkə də, çox və ya az xal yığarsan. Burada məsələ az-çox xal yığmaqda deyil. Məsələ, düzgün yol seçib həmin yolu getməkdədir. Vacib amil odur. Uzunmüddətli plan tutulmalıdır. Görünən odur ki, illərimizi xərcləyirik. Yaxşı olardı ki, daha uzunmüddətli və daha uğurlu layihə olsun. Biz bunun bu gün də olmasa, 4-5 il sonra bəhrəsini görərik. Heyətimizə gəldikdə, 1-2 mövqedə rəqabət azdır, amma ümumi götürsək, heyətimiz yaxşıdır və bunu bir çox oyunlarda görmüşük. Əvvəlcədən nəsə demək çətindir.

writer photo
Əlirza Əlirzalı
0