Rövlan Muradov: “Arzum ölkə xaricində oynamaqdır, statistika məni razı salmır” - MÜSAHİBƏ
09.01.2023 - 15:23
Rövlan Muradov: “Arzum ölkə xaricində oynamaqdır, statistika məni razı salmır” - MÜSAHİBƏ

“Qəbələ”nin yarımmüdafiəçisi Rövlan Muradovun apasport.az saytına müsahibəsi
 
- Türkiyədəki toplanışınız necə keçir? Sizi narahat edən, narazı salan nəsə var? 
- Hər şey qaydasındadır. Məşqlərimizi davam etdiririk. Mövsümün ikinci yarısına hazırlaşırıq. Ümidvaram ki, hər şey yaxşı olacaq.

- Antalya toplanışı zamanı üç komanda “Sepsi”, “Teplitse” və “Lukenvalde” ilə qarşılaşacaqsız. Maraqlı rəqiblərdir, yoxsa daha da güclülərlə oynamaq istəyərdin?
- Oyunumuzu daha da yaxşılaşdırmaq üçün bu matçlarda məşqçilərimizin verdiyi tapşırıqları yerinə yetirməyə çalışacağıq. Qarşılaşacağımız rəqiblər də yaxşı komandalardır. Məncə, bizə xeyir verəcək. 

- Yeri gəlmişkən, “Teplitse” Çexiyanı təmsil edir. Vaxtı ilə bu ölkənin “Slaviya” (Praqa) klubunda oynamısan. Bu rəqibə qarşı oynamaq sənin üçün xüsusi maraqlı kəsb edir? 
- Düzü, “Teplitse”də tanışım yoxdur. Amma Çexiyadan olması təbii ki, maraqlı gəlir. Bu komandaya qarşı mübarizə aparmışam. Yadımda qalan odur ki, “Teplitse” çox sərt oynayır. 

- “Qəbələ” ilə müqavilə yayda başa çatacaq. Təkliflər var sənə? 
- Necə olacağını zaman göstərəcək. Yaşayarıq, görərik. Hazırda isə ancaq məşqlər və “Qəbələ”yə kömək olmaq barədə düşünürəm.

- Bəzən yerli gənclər, perspektivli vəd edən oyunçuların xaricə yollanacağını gözlədiyimiz halda, onlar ölkədə başqa kluba keçir. Sən necə, bu cür addım atmaq istəyən gənclərdənsən, yoxsa yalnız legioner həyatı yaşamağı düşünürsən?
- Əlbəttə ki, arzum, istəyim ölkə xaricində çıxış etməkdir. Daim legioner həyatı yaşamaqdan yanayam. Belə təklif gələrsə, təbii ki, xaricə yollanmağı çox istəyirəm. 

- Bu mövsüm 17 oyunda iki qol və iki assistlə oynamısan. Öz performansını necə dəyərləndirirsən? Çıxışın səni razı salır, yoxsa daha yaxşı olmalıydı?
- Bu statistika məni razı salmır. Çünki mənim üçün göstərici çox aşağıdır. Daha çox xeyir vermək, daha yaxşı performans nümayiş etdirməyə çalışacam. Öz məhsuldarlığımı da artırmaq niyyətindəyəm. Elə təlim-məşq toplanışı bunun üçün yaxşıdır. Özümü ən yaxşı şəkildə hazırlayacam ki, mövsümün ikinci hissəsində hər şey daha yaxşı alınsın. 

- “Qəbələ” bu mövsümü titulla başa vura bilər. Komamda kubokda yarımfinaldadır. Necə fikirləşirsən, “Qəbələ”nin kuboku qazanmaq şansı neçə faizdir?
- Bəli, gözəl şansımız var ki, titul qazanaq. Əgər şansımız varsa, bundan maksimum yararlanmağa çalışacağıq. Hazırlaşacağıq ki, nəticə əldə edək. Hamımız buna inanırıq.

writer photo
Əlirza Əlirzalı
0