"Kubokda növbəti rəqibimiz Azərbaycan futbolunun hegemonudur. Həmin duelin aşkar favoriti "Qarabağ"dır".
Bu sözləri apasport.az saytına açıqlamasında "Qəbələ"nin futbolçusu Ruslan Voronsov deyib.
O, Azərbaycan kubokunun "Baku Sportinq"lə matçını dəyərləndirib: "Açığı, böyükhesablı qələbə gözləmirdim. Əlimizə düşən fürsətləri dəyərləndirdik və sevinən tərəf biz olduq. Növbəti rəqibimiz "Qarabağ" olacaq. Matçların çətin və ağır keçəcəyi bəllidir. Lakin biz də təslim olan deyilik. Bu mövsüm 7 oyunda qol buraxmamışıq. Baş məşqçimizin rəhbərliyi altında hər oyuna inamla hazırlaşır, meydanda onun verdiyi tapşırıqları yerinə yetiririk. Qapı və müdafiə xəttimiz etibarlı çıxış edir. Bütün görüşlərə çıxarkən əsas düşüncəmiz qapımızı toxunulmaz saxlamaq olur. Hələ ki, turnir cədvəlində lider deyilik. Yalnız "Karvan"dan geri qalırıq. Rəqiblə xal fərqimiz 4-ə bərabərdir. Amma hələ mövsümün əvvəlidir. Qarşıda xeyli sayda oyunlarımız var. İnanıram ki, çempion biz olacağıq".
Qeyd edək ki, "Qəbələ" "Baku Sportinq"i 4:0 hesabı ilə məğlub edib.
İsmayıl Xeyrullayev