Samir Musayev: “Bu, onun səviyyəsinin göstəricisidir” - MÜSAHİBƏ
20.11.2023 - 16:06
Samir Musayev: “Bu, onun səviyyəsinin göstəricisidir” - MÜSAHİBƏ

Azərbaycan millisinin və “Qarabağ"ın sabiq hücumçusu Samir Musayevin apasport.az saytına müsahibəsi

- Canni De Byazinin "Bizə üç gündən bir oynamaq çətindir" fikri ilə razısız? Sizcə, hazırda əsas səbəb budur?
- Əslində, millidə baş məşqçi kim olur-olsun, eyni sözü deyəcək. Bizim futbolçular üç gündən bir oynaya bilmir. Bunun başlıca səbəbi çempionatımızın səviyyəsidir. Yerli futbolçuların az olması, çempionat oyunlarındakı sürət, komandaların səviyyəsi və s. Əsasən də futbolçuların fiziki durumunu qeyd edərdim. Belçika məğlubiyyətinə bir səbəb axtarılırsa, məncə əsas səbəb bu deyil.

- İsveçlə oyunda yığmamız doğrudan da tilsimi qıra bilmişdi, yoxsa bu qələbə sadəcə İsveçin zəif və motivasiyasız oyunu ilə bağlı idi?
- Öncə onu deyim ki, kimlə oynasan belə yadda qalan qələbədir, 3 xaldır. Kimsə deyə bilər ki, rəqib motivasiyasızdı və ya hər nədir. Əsas odur ki, rəqib bizdən üstün, dünya və Avropa çempionatının iştirakçısı olan İsveçdir. Komandamızın oyununa gəlincə isə tilsimi qırmaq üçün hələ biz çox çalışmalıyıq. Yığmalarımızın yaxşı, uğurlu çıxış etməsi üçün uşaq futboluna diqqəti artırmalıyıq. Futbolçu yetişdirmək üçün akademiyalar olmalıdır.  Azərbaycanda istedadlı uşaqlar çoxdur, onları futbol dünyasına çıxartmaq üçün şərait yaradılmalıdır. Bax, onda bizim yığma komandalarımız tilsimi də qıracaq, dünya və Avropa çempionatlarında çıxış da edəcək.

- Bir müsahibənizdə İsveçlə oyunun nəticəsinin qalibiyyətlə bitəcəyini demişdiniz, dediyini kimi oldu. Bəs Belçika ilə oyundan 0:5 hesablı məğlubiyyət gözləyirdiniz? 
- Mən həmişə Azərbaycan adına, bayrağımız adına çıxış edən hər idmançıya, hər komandaya inanıram və güvənirəm. Millimizin Belçika ilə də yaxşı oynayacağına inanırdım, amma unutmayaq ki, biz kimlərə qarşı oynayırdıq. Belçika dünya beşincisidir. Mən bəziləri kimi deməyəcəm ki, biz qırmızı vərəqə almışdıq və ona görə belə oldu. Qırmızı vərəqəyə qədər hesab açılmışdı. Sadəcə olaraq, komanda çox zəif oynadı və qolları tez buraxdı. Üstəlik qırmızı vərəqə də komandanın bütün oyun planını pozdu, nəticə də belə oldu.

- Yığmamızın hazırkı heyəti barədə nə düşünürsüz? Hər kəsin dediyi kimi son zamanların ən güclüsüdürsə, bu məğlubiyyətlər yalnız baş məşqçinin günahıdır?
- Dediyim kimi təəssüflər olsun ki, futbolçu seçimimiz çox azdır. Bu gün De Byazini göndərsən, yerinə gələn istər yerli, istər əcnəbi məşqçi də bu futbolçuları yığmaya çağıracaq. Uzağı 3-4 dəyişiklik edər. İndiki yığmaya çağırılan futbolçuların əksəriyyəti son 10 ildə akademiyalarda yetişdirdiyimiz oyunçulardır. Hər kəsin dediyi ən güclü məsələsi bir az şübhəlidir. Çünki güclü milli komanda ən azı Avropa çempionatına vəsiqə qazanar. Ona görə bizdə güclü milli komanda hələ yoxdur. Kimsə deyə bilməz ki, başqası baş məşqçi olsaydı, komanda 0:5 hesabı ilə uduzmazdı. Bu məğlubiyyətdə hər kəsin payı var, tribunada oturub baxan tamaşaçının belə.

- Mətbuat konfransında baş məşqçinin jurnalistlərə ünvanladığı nalayiq ifadələr haqqında nə deyə bilərsiniz?
- Düzdür, onu görməmişəm, eşitməmişəm ki, nə deyib. Amma əgər deyibsə, bu, onun səviyyəsinin, tərbiyəsinin göstəricisidir. Siz media işçiləri də günahkarsız. Ona o şəraiti yaratmısız, elə məşqçilərə dəyərindən artıq dəyər vermisiz.

- De Byazi bizə bu illərdə nə qazandırdı? Yığmamıza müsbət və mənfi nə təsirləri oldu? 
- De Byazi nə qazandırdı? Heç nə. Yığmamız dünya çempionatına getdi? Yox. Avropa çempionatına getdi? Yox. Millətlər Liqasını qazandı? Yox. Əgər biz bunları qazanmadıqsa, onda müsbət nə varsa üstündən xətt çəkin.

writer photo
Əlirza Əlirzalı
0