Şpilevski: “Bakıya mərhələ adlamaq üçün gəlmişik"
27.07.2022 - 20:34
Şpilevski: “Bakıya mərhələ adlamaq üçün gəlmişik"

“Sabahkı oyundan gözləntilərimiz böyükdür”.

Apasport.az saytının məlumatına görə, bunu Kiprin “Aris” klubunun baş məşqçisi Aleksey Şpilevski Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında deyib.

34 yaşlı belaruslu mütəxəssis ilk görüşdə 2:0 hesabı ilə qalib gələn komandasına səfər matçında da güvəndiyini söyləyib: “İlk matçdakı çıxış sabahkı qarşılaşma öncəsi bizim üçün böyük motivasiyadır. Hələ ki, növbəti mərhələdən danışmırıq. Sabahkı görüşü düşünürük. Hər matç sıfırdan başlayır. İlk matçın nəticəsi bizi aldatmamalıdır. Çünki sabah “Neftçi” doğma azarkeşləri önündə 2 qoldan çox vurmağa çalışacaq. Bizim məqsədimiz onlara bu imkanı verməməkdir. Bizi çətin oyun gözləyir. Əminəm ki, “Neftçi” sabahkı qarşılaşmaya böyük motivasiya ilə çıxacaq”.

- Matiya Şpolyariçin sabahkı oyunda olmaması oyununuza nə kimi təsir edə bilər?
- Futbolda belə şeylər olur. Hər bir məşqçi buna hazır olmalıdır. Amma əminəm ki, sabah Matiyanı əvəz edən futbolçu həmin motivasiya ilə çıxış edəcək və ən yaxşı oyununu göstərəcək. Matiyanın yoxluğu bizə çətin olacaq. Yenə də bütün futbolçularıma inanıram.

- İlk matçdan sonra “Neftçi” sizdə necə təəssürat yaratdı?
- “Neftçi”nin oyunu haqda danışmaq düzgün olmazdı. Bu, həmkarıma qarşı hörmətsizlik olar. Öz komandamı, oyununu düşünürəm. Yalnız öz komandamın oyunu barədə danışa bilərəm.

- Artıq növbəti mərhələdəki rəqibi düşünürsünüz?
- Xeyr, heç vaxt bu barədə fikirləşmirəm. Yalnız sabahkı görüşü düşünürəm. Futbol tarixində elə hadisələr olub ki, hansısa komanda ilk oyunda böyükhesablı qələbəyə baxmayaraq, cavab matçında uduzaraq mübarizəni dayandırıb. Mən də yalnız sabahkı oyuna köklənmişəm. İstənilən nəticəyə hazırıq. Ancaq yenə də Bakıya mərhələ adlamaq üçün gəlmişik.

- Bir neçə il əvvəl heç kim təsəvvür edə bilməzdi ki, “Aris” avrokuboklarda oynayacaq və qələbə qazanacaq...
- “Aris”ə gəldiyim ilk gündə komandanın cəmi 10 azarkeşi var idi. Onlardan biri xərçəng xəstəliyinə tutulmuşdu. O, indi də bizimlədir, oyunlara gəlir. Artıq azarkeşlərimizin də sayı çoxalır. Hamı oyunumuzu görür. Düzdür, futbolda əsas nəticədir. Amma biz istəyirik ki, gözəl oyun sərgiləyək. Bunu avrokuboklarda da etməyə çalışırıq.

- Sabahkı qarşılaşmada 120 dəqiqəyə və penaltilər seriyasına da hazırsınız?
- Ümid edirəm ki, sabah bütün məsələləri 90 dəqiqə içində həll edəcəyik. İstəməzdim ki, 120 dəqiqə oynayaq. Çünki komandamız fiziki baxımdan hələ ideal vəziyyətdə deyil. Mövsümün başlanğıcıdır. O ki qaldı penaltilər seriyasına, bunu məşq edə bilərik. Amma biri var bunu məşqdə edirsən, biri də var oyunda azarkeş önündə, təzyiq altında edirsən. Komandamızda penalti ustaları var. Sabah penalti vurmalı olsaq, təbii ki, bunu onlar yerinə yetirəcəklər. Yenə də istəməzdim ki, 90 dəqiqədən çox oyun getsin.

- İlk görüşdə çox qaçan, pressinq edən “Aris” gördük. Sabah da eyni komandanı görə biləcəyik?
- Biz daha yaxşı oyun sərgiləməyə çalışacağıq. Çünki iddialı komandayıq. İlk qarşılaşmanın start dəqiqələrində “Neftçi”yə bir neçə imkan verdik, qapımıza yaxınlaşdılar, təhlükəli anlar yaratdılar. Sabah həmin səhvləri etməməliyik. Oyunçularla hər gün danışıram və görürəm ki, qələbə, növbəti mərhələ üçün acdırlar. İlk oyundakı səhvləri təkrarlamasaq, “AEK Arena”dakından daha yaxşı çıxış edəcəyik.

writer photo
Əlirza Əlirzalı
0