Vanhazebruk: "Oyunun 0:0 bitməsini istəmirdim"
17.02.2023 - 00:31
Vanhazebruk: "Oyunun 0:0 bitməsini istəmirdim"

Belçikanın “Xent” klubunun baş məşqçisi Hein Vanhazebruk Avropa Konfrans Liqasının “Qarabağ”la oyunundan (1:0) sonra mətbuat konfransında iştirak edib.

Apasport.az-ın xəbərinə görə, bu gün Bakıda 59 yaşını tamamlayan belçikalı mütəxəssis “Qarabağ”a qarşı keçirilmiş matçla bağlı danışıb.

– 80 dəqiqə 0:0 hesabını qorudunuz, sonda qol buraxdınız. Növbəti mərhələ şanslarınızı necə dəyərləndirirsiniz?
– Oyunun 0:0 bitməsini istəmirdim. Bərabər səviyyəli oyun getdi. "Qarabağ" qədər şansımız oldu. İlk 20 dəqiqə epizodlarımız var idi. Fikirləşirdim ki, fasiləyə qalib gedəcəyik. İkinci yarıda "Qarabağ" oyuna daha hazır çıxdı. Əvəzetmələr oldu və fərq yaratdılar. Bizdə isə 100 faiz hazır olmayanlar var idi. Biz daha çox hazır olanlara şans verdik. Penalti qərarı doğru deyildi. Hakimlə VAR arasında danışığı da eşitdim. İstəyərdim ki, daha yaxşı hesabla Belçikaya gedək. Hələ də növbəti mərhələyə adlamaq şansımız qalıb. Əlimizdən gələni edəcəyik.

– Evdəki oyundakı şanslarınız necədir?
– Evdə, doğma azarkeşlər qarşısında oynamaq bizim üçün şansdır. "Qarabağ"ın ehtiyatı yaxşıdır. Oyuna daxil olandan sonra fərq yarada bilirlər. Ev və səfər qolunun önəmi yoxdur. Ya gərək oyunu uzatmalara aparmalı, ya da 2 qol vurub qalib gəlib, növbəti mərhələyə adlamalıyıq. Şansımız var, sona qədər mübarizə aparacağıq.

– Qapıçının performansını necə dəyərləndirirsiniz?
– Razıyam. İlk yarıda o qədər təhlükə yox idi. Sadəcə itirdiyi top qolla nəticələndi. Rəqib qapıçı 3 dəfə top itirdi, amma yararlana bilmədik. Yararlansaydıq, fərqli hesab olardı. Bu səviyyədə gərək səhvlərdən istifadə edəsən.

– "Qarabağ"ı yəqin ki, təhlil etmişdiniz. Bugünkü oyunda "Qarabağ" sizi təəccübləndirdi?
– Bizim üçün böyük sürpriz qapıçı seçimi oldu. Gözləyirdik ki, gənc qapıçı olacaq. Çünki son oyunlarda o dayanmışdı. "Qarabağ"ın hər oyunçusunun özünə görə fərdi ustalığı var. Onlar güclü ehtiyat skamyasına sahibdirlər. Hər oyunçu oyunu dəyişə biləcək. "Qarabağ"ın 11 yox, 25-30 yaxşı futbolçusu var.

– Hava şəraiti sizə mane oldu?
– Əla hava idi. Belçika da soyuqdur. Orada qar yağmır, bura da yağmırdı.

writer photo
Əlirza Əlirzalı
0