“Sevilya” UEFA Avropa Liqasının 2022/23 mövsümünün qalibi olub.
Apasport.az saytı xəbər verir ki, Budapeştin “Puşkas Arena”sında keçirilən finalda qalib penalti seriyasında müəyyənləşib.
Oyunda hesabı 35-ci dəqiqədə “Roma” açsa da, ispan təmsilçisi fasilədən sonra bərabərliyi bərpa edib. 90 dəqiqə və əlavə olunmuş vaxtda qalib müəyyənləşmədiyi üçün penalti zərbələrinə ehtiyac duyulub. “Lotereya”da daha dəqiq olan “Sevilya” növbəti dəfə kuboku muzeyinə aparıb.
“Sevilya” turnirdə öz rekordunu yeniləyib. Komanda yüksəldiyi 7-ci finalı da qalib başa vurub. “Roma”nın baş məşqçisi Joze Mourinyo isə karyerasında ilk dəfə finalda uduzub. Bunadək “Portu”, “İnter”, “Mançester Yunayted” və “Roma” ilə 5 finalda uğur qazanan portuqaliyalı mütəxəssisin qələbə seriyasına son qoyulub.
Qeyd edək ki, “Sevilya” 2006, 2007, 2014, 2015, 2016 və 2020-ci illərdə kuboku başı üzərinə qaldırıb.
UEFA Avropa Liqası
Final
“Sevilya” – “Roma” – 1:1, pen. 4:1
Qollar: Mançini, 55 (öz qapısına) – Dibala, 35.
“Sevilya”nın 7-ci Avropa Liqası kuboku
01.06.2023 - 02:11
0
0