Olimpiya Oyunlarının qaranlıq üzü: Zərif cinsin güclü iradəsi
30.07.2024 - 11:37
Olimpiya Oyunlarının qaranlıq üzü: Zərif cinsin güclü iradəsi

Olimpiya oyunlarında qadın atletlərin yarışmasına ilk dəfə 1928-ci ildə icazə verilib. Bu zaman onları kişilər müşayiət edirdilər. 

İlk qızıl medalı isə 800 metr məsafəyə qaçış yarışlarının qalibi Lina Radke qazanıb. Həmin oyunlarda baş verən bir hadisə onun qələbəsinin kölgədə qalmasına səbəb olub. Məsələ burasındadır ki, 800 metr məsafəyə qaçış həm qadın, həm də kişi atletlər üçün kifayət qədər yorucudur. Buna görə də, bir çox idmançılar finiş xəttini keçdikdən sonra özlərini yerə yıxırlar. 

Burda da eyni qaydada finiş xəttinə çatan iştirakçılardan biri yorulduğu üçün özünü yerə atdı. Media bu hadisəni çox böyütdü, qadınların 800 metr məsafəni qaça bilməyəcəklərini, fiziki cəhətdən çox zəif olduqlarını yazdı. Bu səbəbdən bu yarış elə başladığı gün qadınlar üçün qadağan olundu və növbəti 32 il ərzində bərpa edilmədi.

Lina Radke 800 metr məsafəni 2 dəqiqə 16 saniyədə qət etmişdi. O, Almaniyanı təmsil edirdi. Yerə yıxılan iştirakçı səbəbindən mükafatının təqdimetmə mərasimi belə, baş tutmadı. Nə şüarlar var idi, nə də podium.

1932-ci ildə təşkil olunmuş Los Anceles Oyunlarında 100 metrlik məsafəni hamıdan tez qət edən Stella Volş haqqında televiziyada deyirdilər: 

"Bu vaxta qədər KİŞİ KİMİ qaçmağı ən yaxşı bacaran qadın atlet".

Stella 1930-cu illərin ən uğurlu idmançılarından biri idi. Onun rekordları idman ictimaiyyətini çaş-baş salmışdı. Necə olurdu ki, bir qadın bu qədər sürətli qaça bilirdi?

Onun məşqlərini izləməyə, hərəkətlərini analiz etməyə başladılar. Stella Volş qeyri-adi idi, standart normalara uyğun gəlmirdi. Beləcə, insanlar nə qədər gözlərinə inana bilməsə də, xanım Volş böyük bir Olimpiya çempionu kimi adını tarixə yazdırdı. On minlərlə insan onun yarışlarına baxmağa gəldi, istedadına və nailiyyətlərinə heyran qaldı.

Stella vegeterian idi, bəziləri düşünürdülər ki, onun uğurlarının əsas sirri budur. Televiziya proqramlarında idmançını kişilərlə yarışdırıb, bir növ eksperiment aparırdılar. O, qalib gəlirdi və öz texnikasını insanlara nümayiş etdirməkdən çəkinmirdi.

1980-ci ildə 68 yaşı olarkən Stella Volş  soyğun zamanı silahla öldürülür. O, bu bədbəxt hadisə ilə bir dostunun ad gününə hazırlıq görərkən üzləşir. Ölümündən sonra həkimlər onun bədənini yarır və gözlənilməz bir faktla üz-üzə qalırlar. Stellanın bətni yox idi. Onun interseksual olduğu ortaya çıxır. İctimaiyyətə dərhal bu barədə xəbər verirlər. İnsanlar yenidən çaş-baş qalır. Axı heç bir cinsə aid olmayan idmançının uğurlarına necə yanaşmaq lazımdır? Bu müzakirələrin fonunda tarixin ən uğurlu idmançılarından birinin adı yavaş-yavaş silinir, unutdurulur. 

Feminist kinorejissor Julia Für Mannın "Həyat yarış deyil, amma mən qələbə qazanıram" filminin bu barədə danışılan hissəsində deyilir: 

"Əgər tarixi qaliblər yazırsa, qələbəsi unudulanlar necə olacaq?"

1936-cı ildə təşkil edilmiş Berlin Olimpiya Oyunlarından sonra Olimpiya Komitəsi "qadınlıq sertifikatı" adlı bir sənəd təsis elədi. Bu yeni qərara əsasən, fiziki cəhətdən çox güclü və əzələli olan qadınların həqiqi cinsiyyəti müəyyənləşdirilməli, standartlara uyan idmançılara sertifikat verilməli idi. 

1950-ci illərdən etibarən bu cür idmançılar "xromosom testi" verməyə başlamışdılar. Bir neçə il sonra bunun elmlə əlaqəsiz olduğu sübut olundu. 

Hazırda isə testeron səviyyəsi təbii səbəblərdən yüksək olan qadınların bu səviyyəni salmadıqları təqdirdə, yarışlara qoşulmalarına icazə verilmir. Hər qadın idmançının testeron səviyyəsi yoxlanmır. Yalnız cinsi mənsubiyyətə dair şübhələr doğduqda bu üsula əl atırlar. Bu da daha çox xarici görünüşlə əlaqəli olur.

 

ADİL NƏHMƏTLİ

writer photo
Əlirza Əlirzalı
0