Son araşdırmaya əsasən, dünyada 4 milyarda yaxın insan sosial mediadan istifadə edir. Sosial şəbəkələr yeni internet erası yaradıb. Onlar həm də futbol dünyasını dəyişib.
Kriştiano Ronaldonun “Yuventus”a keçidi
2018-ci ildə Ronaldo “Real Madrid”lə müqaviləsinin bitməsinə 1 il qalmış komandadan ayrılmaq qərarı alır. O, “kral klubu” ilə hər şeyə nail olub, yeni idman üfüqləri axtarır və bunu “Yuventus”da görür. Onun futbol kolleksiyasında İtaliyanın A seriyası titulu hələ yoxdur. Ronaldo 33 yaşındadır, amma 17 yaşındakı kimi iddialıdır. O, italyanların qəlbini fəth etmək istəyir.
CR7 qlobal brenddir. Bütün sosial media platformalarında Ronaldonun izləyicilərini toplasaq, onu təxminən 400 milyon insan izləyir.
2018-ci ilin yayında Kriştianonun transfer elanından əvvəl “Yuventus”un izləyicilərinin sayı CR7-nin izləyici sayının yeddidə biri qədər idi.
Kriştiano Ronaldonun transferi rəqəmlərlə
Ronaldonun transferindən sonra ilk dörd həftə ərzində “Yuventus” “Tvitter”də 350 min, “Yutubda” 500 min, “Feysbuk”da 1.7 milyon, “İnstaqram”da 3.5 milyon yeni izləyici qazandı. Növbəti 1 ay ərzində klub bütün şəbəkələrdə milyonlarla yeni izləyici qazandı.
Təkcə “Feysbuk”da “Yuventus”un paylaşımları 437 milyon istifadəçiyə çatırdı. “Tvitter”də 280 milyon retvit var idi. “İnstaqram”da isə 65 milyon bəyənmə və 630 min şərh yazılmışdı.
Transfer elan edildikdən sonra 24 saat ərzində 520 min Ronaldo forması satıldı. Onların böyük hissəsi Asiyada satılıb. Cəmi 15 ay sonra isə transfer öz xərcini tam ödədi. İnanılmaz nəticədir.
Kriştiano Ronaldo sosial media fenomeni kimi
Rəqəmsal platformalarda insanların artıq sadəcə klubları izləməməsi yeni fenomendir. İzləyicilər fərdləri izləməyi üstün tuturlar. Kriştino Ronaldo uzun müddətdir ki, özü brenddir. O, gördüyü işdə son dərəcə orijinal və iddialıdır. Portuqaliyalı ulduz sosial medianı ən yaxşı şəkildə başa düşən futbolçulardan biridir.
Mario Leo bundan bəhs edərkən yazır:
“Frenk Riberinin Dubaydakı qızıl biftek ilə etdiyi saxtakarlıqdan sonra başına gələnlər heç vaxt Ronaldonun başına gəlmir. Əlbəttə, bu onunla bağlıdır ki, Kriştianonun kontent hazırlığında ona kömək edən üç işçisi var”.
CR7 2009-cu ildən sosial şəbəkələrdə aktivdir. İndiyədək o, “İnstaqram”da minlərlə şəkil və video yerləşdirib. “Yuventus”a keçidini elan etdiyi şəkil 12 milyon bəyənmə alıb.
Ronaldonun əziyyətinə baxmayaraq, “qoca senyora” 2018-2019-cu illər mövsümündə Çempionlar Liqasında qalib ola bilmədi. Şübhəsiz ki, ulduz futbolçu qısamüddətli deyil, uzunmüddətli perspektiv üçün nəzərdə tutulmuşdu.
Geriyə baxanda Neymar və Ronaldonun 2017 və 2018-ci illərdə klub dəyişikliklərini peşəkar futbolda ilk böyük sosial media transferləri hesab etmək olar.
Kriştiano Ronaldo sosial medianın zirvəsində
Portuqaliyalı ulduz ötən ili də sosial medianın zirvəsində başa vurdu. Futbol karyerasına Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Nəssr”də davam edən Kriştiano 900 milyona yaxın izləyici kütləsi ilə sosial medianın ən populyar adları arasında ilk pillədədir.
Portuqaliyalı ulduzun “İnstaqram”da 635 milyon, “Feysbuk”da 170 milyon, “X” platformasında isə 113 milyon izləyicisi var. Keçən ilin yekunu ilə müqayisədə bu göstərici müvafiq olaraq platformalar üzrə 20 milyon, 2 milyon və 3 milyon daha çoxdur.
Ötən ilin yekununda Ronaldo izləyici sayına görə bir çox məşhuru geridə qoyub. “Feysbuk”da kolumbiyalı müğənni Şakira, “İnstaqram”da ABŞ-li aktyor Dveyn Conson, “X”də isə ABŞ-li müğənni Teylof Svift portuqaliyalı futbolçudan aşağı sıralarda yer alıblar.
Sosial mediadakı ümumi izləyici sayı 500 milyonu keçən ilk şəxs olan Ronaldonu yaşıl meydanlardakı əzəli rəqibi Lionel Messi izləyir.
Kriştiano Ronaldo və Lionel Messinin sosial media rəqabəti
2022-ci il FİFA Dünya Çempionatında 36 il sonra Argentinanı zəfərə daşıyan və transfer edildiyi ABŞ-nin “İnter Mayami” komandasına ilk kubokunu qazandıran Messi də son dövrlərdə azarkeş sayında sürətli yüksəliş yaşadı.
Futbolun ABŞ-də populyarlaşması prosesinə böyük töhfə verən ulduz futbolçunu “İnstaqram”da 504, “Feysbuk”da isə 117 milyon insan izləyir. Argentinalı ulduzun “X” hesabı yoxdur.
Kriştiano Ronaldo nə qədər qazanır?
Ötən ilin yekun statistikasına əsasən, “İnstaqram”dan ən yüksək gəlir əldə edən məşhur Kriştiano Ronaldodur. O, Kayli Cenneri geridə qoyaraq bu ünvana sahib olub. Portuqaliyalı ulduz ötən il hər sponsorlu paylaşım üçün 1.87 milyon sterlinq qazanıb. Kaylidə isə bu göstərici 1.47 milyon sterlinqə bərabər olub.
Siyahıda üçüncü yeri digər ulduz futbolçu Lionel Messi tutub. Dördüncü Selena Qomez, beşinci Dveyn Consondur.
Sosial media fenomenləri izləyiciləri ilə qurduqları güclü bağ sayəsində markalarla əməkdaşlıq edərək əhəmiyyətli gəlir qaynaqları əldə edirlər.
Rəqəmsal marketinqin gücü
“RESULT Sports”un icraçı direktoru Mario Leonun müştəriləri arasında UEFA da daxil olmaqla, 60-dan çox futbol klubu, liqa və assosiasiya var. Mario yazır:
“Stadion bukletində, ana səhifədə, lövhələrdə və ya ekranlarda özünüzü reklam etmək mümkün deyil. Bu, köhnə məktəbdir. Gələcək onlayndır. Rəqəmsal sponsorluq tezliklə ənənəvi marketinq üsullarından daha çox gəlir əldə edəcək. Rəqəmsal marketinq getdikcə daha innovativ olur və davamlı ölçülə bilmək sayəsində bütün idman klubları üçün daha vacib, daha davamlı sponsorluq sahəsinə çevrilir. Hədəf kütləsinə uyğunlaşdırılmış mesajlar onlayn olaraq daha effektiv şəkildə yerləşə bilər. İndi insanların istehlakçı davranışını ölçmək xeyli asanlaşıb”.