“Mançester Siti”nin hücumçusu Erlinq Halandın karyerasını Türkiyədə davam etdirmək variantı olub.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Qalatasaray” ulduz futbolçunun keçidində maraqlı olub.
İstanbul nəhənginin 2017-ci ildə, oyunçunun 17 yaşı olanda ona transfer təklifi göndərdiyi bəlli olub. Həmin vaxt Halandı heyətinə yeni cəlb edən “Molde” transferin reallaşması üçün qarşı tərəfdən 9 milyon avro tələb edib.
Məbləğin gənc oyunçu üçün çox olduğunu düşünən “cim-bom” rəhbərliyi keçiddən imtina edib. Haland da bir il sonra “Zalsburq”a satılıb.
Qeyd edək ki, 22 yaşlı Haland bu ilin yayında Dortmund “Borussiya”sından “Mançester Siti”yə keçib.