"Kəpəz"in kapitanı Yeqor Xvalko apasport.az saytına müsahibə verib.
- Hazırda özünü necə hiss edirsən? "Araz-Naxçıvan"la görüşdəki toqquşmadan sonra yerdə qalmışdın və sənə görə meydana təcili tibbi yardım maşını daxil olmuşdu. Təhlükə qalıb?
- Hər şey yaxşıdır. Düzünü deyim, həmin anı xatırlamıram. Sadəcə videotəkrara baxdım. Tipi mübarizədir. Hər şey ona görə baş verdi ki, həmin an gicgahımdan zərbə aldım. Bu da mübarizə zamanı oldu. Ona görə də, yerdə qaldım. Amma həkimlər müayinə etdilər. Onlar heç bir problemin olmadığını bildirdilər.
- Komandanız həmin görüşdə 0:1 hesabı ilə məğlub oldu. Səncə, nəyə görə uduzdunuz?
- Prinsipcə, hazırlıqlarımız oldu. Oyunda da bunu gördük. Səhvimiz rəqibin qolunu gətirib çıxardı. Düşünürəm ki, oyun heç-heçə ola bilərdi. Sadəcə olaraq, səhv etdik. Rəqib də bundan istifadə edib, hesabı açdı.
- "Kəpəz" altı turdan sonra xal qazanmayan yeganə komandadır. Səncə, nəyə görə belədir? Niyə bir xal da qazana bilməmisiz?
- Son iki oyunda məğlubiyyətimizə özümüz səbəbkarıq. Çünki heç nədən xallar itirdik. Ancaq həmin oyunlar geridə qalıb. Qarşıdakı matçlara hazırlaşmalıyıq. İşləməyə davam edəcəyik. Daha da güclü olacağıq.
- Azər Bağırovun baş məşqçi postuna gəlişindən sonra nəsə dəyişib? Səncə, o, nəyisə dəyişəcək?
- Həmişə dediyim kimi, hər məşqçinin öz yanaşması, futbola öz baxışı var. Təbii ki, bəzi şeylər dəyişib. Niyə də nəyisə dəyişə bilməsin? Mən artıq üçüncü ildir ki, bu komandada oynayıram. Artıq çox şeydən keçmişik. Düşünürəm ki, Azər Bağırov vəziyyəti dəyişəcək. İşləyirik. Daha da güclü olacağıq.
- "Kəpəz" növbəti turda "Şamaxı" ilə qarşılaşacaq. Bu görüşdə qələbə qazanmağınız realdır? Səncə, ilk qələbənizi qazana biləcəksiz?
- Bilirsiz, hər şey haqda düşünmək olar. Hər şey meydanda baş verənlərdən asılı olacaq. "Şamaxı" ilə oyuna da qələbə üçün çıxacağıq. Elə bir idmançı tanımıram ki, meydana məğlubiyyət üçün çıxsın. Hər şeyin uğurlu olacağına inanmaq istəyirəm.