Əli Quliyev: “Futbolçularımız sanki matçdan əvvəl bir maşın daş daşıyıblar”
29.03.2008 - 18:54
Əli Quliyev: “Futbolçularımız sanki matçdan əvvəl bir maşın daş daşıyıblar”
Bərdə. Vüqar Xeyrullayev-APA-Sport. “Futbolçular elə kobud səhvlər buraxırdılar ki, bu, onların səviyyəsinə uyğun deyildi”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında ABN klubunun baş məşqçisi Əli Quliyev deyib. Azərbaycan Premyer Liqasının 19-cu turunda öz meydanında “Masallı”ya 1:2 hesabı ilə uduzan bərdəlilərin çalışdırıcısı yetirmələrindən narazı qalıb: “Açığını deyim ki, mən heç nə başa düşmədim. Komandamın belə oyununu görməmişdim. Elə səhvlər edirdilər ki, bunları heç ağlıma gətirə bilməzdim”. Son 6 oyunda “Bakı”, “Olimpik”, “Karvan” və “Xəzər-Lənkəran” kimi rəqiblərindən xal alan ABN-in 55 yaşlı məşqçisinin özü də komandasının meydanda halsız görünməsinə təəccüblənib: “Komanda meydanda çox yorğun görünürdü. Kənardan elə hiss olunur ki, matçdan əvvəl bir maşın daş daşıyıblar. Taqətsiz görünmələrini anlamadım. Axı, elə güclü yükləməyə də ehtiyac duymamışıq. 2-3 gündür yalnız yüngül məşqlərlə kifayətlənirik”. Qeyd edək ki, Ə.Quliyev cəzalı olduğundan bu matçı – texniki zonadan kənardan tribunadan izləməli olub.
0