Nadir Nəbiyev 749 gündən sonra het-trikə imza atıb
30.03.2008 - 11:57
Nadir Nəbiyev 749 gündən sonra het-trikə imza atıb
Lənkəran. Vüqar Xeyrullayev-APA-Sport. “Xəzər-Lənkəran” klubunun hücumçusu Nadir Nəbiyev Azərbaycan Premyer Liqası tarixində 4-cü dəfə bir oyunda 3 qol vurub. “APA-Sport” agentliyinin məlumatına görə, 28 yaşlı futbolçu çıxış etdiyi komandaların hamısında het-trikə imza atıb. Yeddi mövsüm (1995-2001, 2004/05) “Turan”da oynayan N.Nəbiyev ilk belə uğurunu da doğma komandada yaşayıb. 1998/99 mövsümündə final mərhələsinin 7-10-cu yerlər uğrunda yarışan qrupunda 6:6 hesabı ilə bitən “Turan” – “Viləş” görüşündə indi “Xəzər-Lənkəran”ın şərəfini qoruyan hücumçu 3 qola imza atıb. N.Nəbiyev iki dəfə “Neftçi”nin heyətində het-trik rəsmiləşdirib. Dörd mövsüm (2001-2004, 2005-07) uğurları üçün çalışdığı flaqmanın heyətində “Şahdağ” və MOİK-lə qarşılaşmalarda da hücumçu 3 qol vurub. 2005/06 mövsümündə iki het-trik rəsmiləşdirən N.Nəbiyev son dəfə 2006-cı il martın 11-də bir oyuna 3 qol vurub. 749 gündən sonra het-trikə imza atan N.Nəbiyev dünən “Gənclərbirliyi” ilə oyunda həm də qol susqunluğuna son qoyub. Belə ki, hücumçu həm yeni klubu – “Xəzər-Lənkəran”da Premyer Liqada, həm də cari mövsümdə ilk qolunu vurub. Maraqlıdır ki, “Turan”ın yetirməsi olan N.Nəbiyev son qolunu məhz Tovuz təmsilçisinə vurmuşdu. Ötən çempionatın son turunda “Turan”ı 4:2 hesabı ilə məğlub edən “Neftçi”nin heyətində fərqlənən hücumçu ötən il mayın 23-dən sonra çempionatda qol vura bilmirdi.
Qeyd edək ki, N.Nəbiyev Azərbaycan Premyer liqası tarixində vurduğu qolların sayını 88-ə çatdırıb.
0