Valentin Xodukin: “Ukraynalı məşqçilər özlərini bir-birinə sübut etmək istəyirlər”
30.03.2008 - 13:16
Bakı. Mehman Süleymanov-APA-Sport. “Ukraynalı məşqçilər ürəklərində nə fikirləşsələr də, həmişə özlərini bir-birinə sübut etmək istəyirlər. Bu, bizim qanımızdadır. Bir boşqabdan yemək yesək də, kimin güclü olması həmişə prinsipial əhəmiyyət kəsb edib”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. Ukraynalı mütəxəssis bildirib ki, Azərbaycan Premyer Liqasının son turunda “Simurq”la səfər oyununda qazanılan qələbəyə (4:3) kölgə salanlar yanlış fikirdədirlər: “Simurq” necə “İnter”ə bilərəkdən məğlub ola bilər ki, özünə xal hava-su kimi lazımdır. Oyunda penalti zərbəsi təyin edilməyib, yaxud hesaba alınmayan qol olmayıb ki, nədənsə şübhələnəsən. “Simurq”un sükanı arxasında həmyerlim Roman Pokora da təcrübəli mütəxəssisdir və özünü təsdiqləmək istəyindədir. 5-ci pilədə gedən Pokoranın komandası da avrokuboklara vəsiqə uğrunda ciddi mübarizə aparır”. V.Xodukinin sözlərinə görə, Qaxdakı matçda xal itkisi hər bir komanda üçün realdır: “Oradakı stadion dəniz səviyyəsindən yuxarıdadır və oksigen çatışmazlığına görə nəfəs almaq çətindir. Biz buna öyrəşənə kimi hesabda geri düşdük və fasiləyə məğlub durumda (1:2) yollandıq. “Simurq” – “İnter” matçında qalibin əvvəlcədən bəlli olmasını deyənlərin görüşü izləməyi tövsiyə edərdim. Futbolçular meydanda bir-birlərinin güzəştə getmir, amansız mübarizə aparırdılar. Onların paltar dəyişmə otağına qan-tər içində, ağrılarla girirdilər. Sanki döyüşdən çıxmışdılar. “Simurq” - “İnter” görüşündə həmişə sarı vərəqələr, zədəli futbolçular, itkilər çox olur. Təsadüfi deyil ki, keçmiş futbolçumuz Zaur Həşimov Qaxdakı oyunda aldığı zədəyə görə uzun müddətə sıradan çıxmışdı”.
0
0