Saşa Yunisoğlu 135 gündən sonra Polşa çempionatında meydana çıxıb
14.04.2008 - 09:42
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığmasının oyunçusu Saşa Yunisoğlu 135 gündən sonra Polşa çempionatının güclülər dəstəsində meydana çıxıb. “APA-Sport” agentliyinin məlumatına görə, 23 yaşlı müdafiəçi komandasının “Zaqlebiye” (Lubin) ilə görüşündə 90 dəqiqə meydanda olub. S.Yunisoğlu Polşa çempionatında son dəfə 16-cı turun ötən il noyabrın 30-da keçirilən “Rux”la səfər qarşılaşmasında meydana çıxmışdı. Adrian Sikora (3-cü dəqiqə) və Pançe Kumbevin (72-ci dəqiqə) qolları sayəsində 2:0 hesabı ilə qalib gələn “Qrotslin” ikinci pilləyə yüksəlib. Son 11 oyunda məğlub olmayıb 8 qələbə qazanan S.Yunisoğlunun komandası 52 xalla lider – “Visla”dan 15 xal geri qalır. Yatsek Jelinskinin yetirmələri aprelin 19-da keçiriləcək növbəti oyununda səfərdə “Lex”lə qarşılaşacaq. Qeyd edək ki, 4 oyundur qapısından qol buraxmayan “Qrotslin”in rəqibi Polşa çempionatının 25-ci turu ərəfəsində ikinci olan “Legiya”nı məğlub etməklə 3-cü sıraya yüksəlib.
0
0