AFFA “Abşeron” klubunu çempionatdan kənarlaşdırıb
15.04.2008 - 15:17
AFFA “Abşeron” klubunu çempionatdan kənarlaşdırıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Xəzər-Lənkəran” klubu cari mövsümdə üçüncü dəfə azarkeşlərinin hərəkətləri ucbatından cəzalanıb. “APA-Sport” agentliyinin məlumatına görə, “Xəzər-Lənkəran” – “İnter” oyununun 55-ci dəqiqəsində azarkeşlər tərəfindən meydançaya kənar əşyaların atılması meydan sahibinin 2000 manat məbləğində cərimələnməsinə səbəb olub. Cənubluları bu cəzaya layiq görən AFFA Nizam İntizam Komitəsi (NİK) Premyer Liqanın daha iki komandası ilə bağlı qərar çıxarıb. “Karvan” – “Standard” matçının sonlarında yevlaxlıların müdafiəçisi İlham Yadullayev ikinci xəbərdarlığa görə meydandan qovulduğu üçün 1 oyunluq kənarlaşdırılıb və klub 200 manat məbləğində cərimə olunub. “Simurq” – “Bakı” görüşündə 4 paytaxt futbolçusu sarı vərəqə ilə cəzalandırıldığından klub 1000 manat məbləğində cərimə olunub. Birinci divizionda keçirilmiş NBC – “İnter-2” oyununun 88-ci dəqiqəsində meydan sahiblərinin oyunçusu Davud Kərimov bilərəkdən rəqibi əllə vurub meydandan qovulduğu üçün 2 oyunluq kənarlaşdırılıb və salyanlılar 200 manat cərimələnib. “Standard-2” – “Göyəzən” matçının 45-ci dəqiqəsində təhqiredici sözlərə görə meydandan qovulan bakılıların qapıçısı Murad Ağayevin də cəzası eyni olub. “Ədliyyə” – “Bakılı” qarşılaşmasının 74-cü dəqiqəsində meydan sahiblərinin oyunçusu Güləhməd Qədirov ikinci xəbərdarlığa görə meydandan qovulduğu üçün 1 oyunluq kənarlaşdırılıb və komandası 20 manat məbləğində cərimə ödəyəcək. “MKT-Araz” – “Xəzər-Lənkəran-2” görüşündə qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 100 manat məbləğində cərimə olunub. “Qarabağ-2” ilə görüşün baş tutmamasına səbəbkar olan “Abşeron” üzrlü səbəb olmadan ikinci dəfə oyuna gəlmədiyi üçün AFFA-nın himayəsi altında keçirilən bütün yarışlardan xaric olunub.
Qeyd edək ki, birinci divizionda keçirilən qrup mərhələsində uğurla çıxış edən “Abşeron” Premyer Liqaya iki vəsiqənin sahibini müəyyənləşdirəcək pley-off mərhələsində yarışmaq hüququ qazanmışdı. NİK bu gün keçirilən iclasda klubları ümumilikdə 3720 manat məbləğində cərimələyib.
0