Xaqani Məmmədov: “Hakimlərimizin çəkilərinə baxanda utanıram”
15.04.2008 - 15:29
Xaqani Məmmədov: “Hakimlərimizin çəkilərinə baxanda utanıram”
Onun sözlərinə görə, assosiasiya rəhbərliyi ilə hakimliklə bağlı müzakirə etdiyi problemlərin qlobal həlli vacibdir: “İlk növbədə nizam-intizam gücləndirməli, fiziki, nəzəri hazırlığı yüksəltməliyik. Hakimlərimizin fiziki hazırlığı pis vəziyyətdədir. Onların çəkilərinə baxanda utanıram. Bu da indiyədək ildə 1-2 dəfə test normativlərinin keçilməsi ilə bağlıdır. Bunu hər ay edəndə vəziyyət başqa cür olacaq. Hakimlərimiz test normativlərinə 10 gün qalmış stadiona gedib qaçmaqla özlərini hazır sayırdılarsa, indi hər gün bunu etməli olacaqlar”. X.Məmmədov rəqabətin artırılmasının da vacib olduğunu söyləyib: “Hakimlər arasında rəqabət yaratmalı, yeni adlar, yeni nəfəs gətirməliyik. İndi elə vəziyyət yaranıb ki, oyunlara hakim tapmırıq. Əslində, mövsümə 15 səviyyəli hakimimiz olmalıdır”. Komitə sədri son vaxtlar almaniyalı hakimlərin dəvət edilməsinin bunun nəticəsi olduğunu qeyd edib: “Gənc həmkarımdan biri bu haqda məndən soruşanda sualı özlərinə verməli olduqlarını dedim. Əcnəbilərin gətirilməsi hakimlərimizin futbol ictimaiyyəti qarşısında etimadı itirmələrinin nəticəsidir. AFFA rəhbərliyi həm şəffaflığı təmin etmək, həm də məcburiyyətdən bu addımı atmalı olub. Qısa müddətdə hakimlərimizə olan inamı qaytarmalıyıq ki, əcnəbilərin gətirilməsinə daha ehtiyac qalmasın”. Hazırda üzərinə düşən əsas vəzifəsi mövsümü yüksək notda başa vurmaq hesab edən X.Məmmədov struktur dəyişikliyinə xüsusi diqqət yetirəcək: “Hakimlər Komitəsini yenidən quracağam. İnandığım insanlar yanımda olacaq. Heç bir klubun qabağında gözü kölgəli deyiləm. İstəyim komitədə yer alan adamların da belə olmasıdır”.
0