Ramiz Məmmədov: “Hamı boynundan yuxarı tullanmağa çalışır”
22.04.2008 - 17:53
Ramiz Məmmədov: “Hamı boynundan yuxarı tullanmağa çalışır”
Lənkəran. Mehman Süleymanov – APA-Sport. “Öz meydanımızda 1:3 məğlub olmuşuq deyə, cavab matçında əlimizi yuxarı qaldırası deyilik ki? Əksinə, biz Lənkərana mübariz əhval-ruhiyyədə gəlmişik”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan kubokunun yarımfinal mərhələsində qarşılaşdıqları “Xəzər-Lənkəran”a asanlıqla təslim olmaq fikrində deyillər: “Necə deyərlər, ümid sonda ölür. Biz sonadək mübarizə aparacağıq. Sabahkı matçda adımıza layiq oyun nümayiş etdirmək istəyirik. Heyətimizdə itkilər var və boşluqları aradan qaldırmağa çalışacağıq”. R.Məmmədov Lənkəranda sensasiyaya imza atmaqla bağlı ümidini itirmir: “Hamı boynundan yuxarı tullanmağa çalışır. Ancaq bu, hər adama nəsib olmur. Düzdür, kubokda mərhələ adlamaq üçün öz meydanında keçirilən oyunda münasib nəticə qazanmaq lazımdır. Ancaq təcrübəsizlik, şanssızlıq üzündən buna nail ola bilmədik. Hər halda, “Qəbələ”nin yarımfinaladək irəliləməsi də uğur sayılmalıdır”.
0