Anatoli Demyanenko “Neftçi”nin baş məşqçisi postundan rəsmən istefa verib
25.08.2008 - 12:04
Anatoli Demyanenko “Neftçi”nin baş məşqçisi postundan rəsmən istefa verib
A. Demyanenko və “Neftçi” rəhbərliyi arasındakı 3,5 illik müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Artıq əcnəbi mütəxəssis istefa ərizəsini flaqman rəsmilərinə təqdim edib. “Neftçi”nin üzvləri ilə vidalaşan baş məşqçinin bu gün ölkəmizi tərk edəcəyi gözlənilir. A.Demyanenkonun çalışdırdığı flaqman Premyer Liqada 16, ölkə kubokunda 4, İntertoto kubokunda isə 6 oyun keçirib. Bakılılar ümumilikdə 26 qarşılaşmadan 14-də qələbə qazanıb, 6 dəfə heç-heçə edib və 6 dəfə məğlub olublar. O, Azərbaycan futbolunun tarixinə qitə miqyaslı turnirlərdə iki mərhələ adlayan ilk və yeganə məşqçi kimi düşüb. Beləliklə, son 1 ildə “Neftçi”də 3-cü dəfə baş məşqçi dəyişikliyi rəsmiləşib. Ötən ilin avqustunda Qurban Qurbanovun istefasından sonra komanda çexiyalı Vlastimil Petrjelaya tapşırılmışdı. Lakin tezliklə V. Petrjela və rəhbərlik arasında anlaşılmazlıq birincinin vəzifəsindən qovulması ilə nəticələnmişdi. A. Demyanenko isə bu ilin yanvarında baş məşqçi postuna təyin olunmuşdu. Hazırda başsız qalan flaqmanı almaniyalı məşqçilərin çalışdıracağı bildirilir.
Qeyd edək ki, A. Demyanenkonun “Neftçi”dən istefaya göndəriləcəyi barədə xəbəri ilk dəfə “APA-Sport” agentliyi yayıb.
0