Anatoli Ponomaryov Azərbaycan yığmasına buraxılmır
24.09.2008 - 12:24
Anatoli Ponomaryov Azərbaycan yığmasına buraxılmır
Degerfors. Mehman Süleymanov - APA-Sport. Yeddi aylıq fasilədən sonra Azərbaycan milli komandasına dəvət alan İsveçin “Degerfors” klubunun futbolçusu Anatoli Ponomaryovun “APA-Sport”a müsahibəsi

- Anatoli, yenidən yığmaya çağırılmağınızdan xəbəriniz varmı?

- Bəli. Artıq klubumuzun direktoru bu haqda mənə məlumat verib. Yenidən yığmadan dəvət gəldiyinə görə çox şadam.

- Bunu gözləyirdiniz?

- AFFA-nın bəzi rəsmiləri ilə əlaqə saxlayıb yığmadakı gələcək taleyimlə maraqlanırdım. Ancaq açığı, çağırılacağımı gözləmirdim.

- Bəlkə elə həmin şəxslər sizi milli komandanın baş məşqçisi Berti Foqtsa məsləhət bilib? Hər halda, çətin ki, alman mütəxəssis sizi tanısın...

- Bu variantı istisna etmirəm. İsveç Azərbaycandan uzaqda yerləşir. Burada çıxış etdiyimi görmürlər. Ola bilsin ki, Foqtsa İsveçdə çıxış edən azərbaycanlı futbolçunu olduğunu, vaxtilə yığmaya cəlb edildiyini deyiblər. O da məni qarşıdakı təlim-məşq toplanışına çağıraraq, sınamağı qərara alıb. Hər halda, Foqtsa minnətdaram.

- Qarşıdakı toplanış Finlandiya ilə oktyabrın 11-də səfərdə keçiriləcək rəsmi oyuna hazırlığın birinci mərhələsidir. Bunun çempionatın gedişində olması, FİFA-nın təqvimində nəzərdə tutulmamağı problem yaratmayacaq ki?

- Problem də elə bundadır. Həmin vaxt bizim iki vacib oyunumuz var. Bunlardan biri sentyabrın 28-i səfərdə, o birisi oktyabrın 4-ü evdədir. Bildiyimə görə, yığmanın qarşıdakı toplanışı sentyabrın 29-dan oktyabrın 2-ə qədərdir. Mən ən yaxşı halda, sentyabrın 30-da yığmanın düşərgəsinə gələ bilərəm. Oktyabrın 4-də oyuna qədər gəlib çatsam da, klubun hazırlığında iştirak edə bilməyəcəyəm. Bu da vacib görüşdə iştirakıma problem yaradır. Klubum da bütün bunları nəzərə alaraq, məni yığmaya buraxmaq istəmir.

- Finlandiya ilə görüş zamanı da çempionatda iki oyununuz olacaq...

- Turnir cədvəlindəki vəziyyətimizi nəzərə alsaq, bizə hər matçda xal çox vacibdir. Klubum bu görüşlərdə xidmətimdə maraqlıdır.

- Bəs problem necə həll olunacaq?

- Məsələyə qarşıdakı günlərdə aydınlıq gələcək.

- Klubun problemini nəzərə almasaq, yığmaya gəlmək istəyirsinizmi? Millidə olduğunuz müddətdə klubunda heyətdə yerini itirməkdən çəkinmirsiniz ki?

- Yox. “Degerfors”un ən yaxşı futbolçularından sayılıram. Bu komandanın heyətində 7 matçın 6-da ən yaxşı seçilmişəm. Düzdür, qol hesabımı açmasam da, hər halda, daim əsas heyətdə meydana çıxıram və iki məhsuldar ötürmə vermişəm.

- Ancaq komandanızın turnir cədvəlində vəziyyəti çox pisdir. Sonuncu pillədə gedirsiniz və ikinci liqaya düşmək təhlükəsi ilə üzləşməsiniz...

- Hə elədir. Amma birinci liqada yerimizi qoruya biləcəyimizə inanıram. Hər halda, bunu reallaşdırmağa yaxşı şansımız var. Ehtiyatda hələ iki matçımız var və yaxşı oyunla istəyimizə çatacağıq.

- Belə çıxır ki, İsveçin autsayder komandasında çıxış etməkdən narazı deyilsiniz...

- “Degerfors”da oynamaq məni razı salır. Komandada yarımmüdafiənin sol cinahında çıxış edirəm.

- Maraqlıdır ki, buna qədər şərəfini qoruduğun “Bakı”da bu mövqedə oynamaqdan narazı idiz və bu amil də gedişinizdə rol oynadı.

- Burada vəziyyət fərqlidir. Hazırkı komandamda yarımmüdafiənin sol cinahında yer alsam da, tez-tez mərkəzə çəkilirəm. Topla çox təchiz olunuram. Bu məni razı salır, oyunuma müsbət təsir göstərir. “Bakı”da isə vəziyyət belə deyildi.

- Finlandiya ilə səfər matçı haqda nə düşünürsünüz? Foqtsun qarşıdakı toplanışdan sizi bu oyuna çağırmaq perspektivinə necə baxırsınız?

- Hazırda bir qədər arxada plana keçmişəm. Ancaq əvvəlki adımı qaytaracağım. Azərbaycan yığmasında uğurlu oyunlarım olub. Hazırda yaxşı formadayam və milli komandamıza kömək etmək istəyirəm. Foqts mənə dəvət göndəribsə, onun etimadını doğrultmalıyam. Bunun üçün bacardığımı edəcəyəm. Yığmanın düşərgəsinə böyük ümidlərlə, iddialı gəlirəm. Məqsədim milli komandada yerimi qaytarmaqdır.
0