“Qaranquş gəldi-gedərdi...”
24.09.2008 - 12:51
“Qaranquş gəldi-gedərdi...”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Braziliyalı futbolçu Emersonun qanunsuz “milliləşdirilməsi” FİFA-nı çıxılmaz vəziyyətə salıb. “APA-Sport”un məlumatına görə, aranın qarışmasına Qətər Futbol Federasiyasının atdığı addım səbəb olub. Belə ki, FİFA-nın qanunlarına əsasən, bir futbolçunun iki ölkənin milli komandasında çıxış etməsi qadağandır. Bu səbəbdən Braziliyanın gənclərdən ibarət yığmasında oynamış Emersonun Qətər komandasının şərəfini qorumaq hüququ olmayıb. Belə hallarda oyunçunun nəinki meydana çıxmasına, hətta adının oyunun protokoluna salınmasına da sərt cəza verilir.

Ancaq buna məhəl qoymayan Qətər yığmasının rəhbərliyi dünya çempionatının təsnifat mərhələsində Emersonun xidmətindən yararlanıb və İraq üzərində 2:0 hesablı qələbə qazanıb. Qaydalara görə, meydan sahiblərinə texniki məğlubiyyət verilməli idi. Lakin Emersonun paxırı çox gec - Qətər növbəti mərhələdə mübarizəyə başladıqdan sonra açılıb. İraqlılar rəqibin cəzalandırılaraq, yarışdan kənarlaşdırılmasını tələb edirlər. FİFA isə Qətərə cəza verməyi düzgün saymayıb və günahı Asiya Futbol Konfederasiyasının (AFK) üstünə atıb.

Vətənində Marsiu Assus de Albukerke adı ilə çıxış edən braziliyalı futbolçu iki il əvvəl yaşını dəyişdiyi üçün fırıldaqçılığa görə cəzalanıb. Qətərə isə o, Emerson adı altında gəlib. Ərəblər bundan xəbərsiz olduqlarından, onu “milliləşdirmək” məqsədilə AFK-ya müraciət ediblər. Bütün bu qalmaqaldan sonra şikayəti təmin olunmayan İraq Futbol Federasiyası indi də İsveçrənin Lozanna şəhərində yerləşən Beynəlxalq İdman Arbitraj Məhkəməsinə üz tutub.
0