Elnur Allahverdiyev: “Mən universal futbolçuyam”
24.09.2008 - 13:47
Elnur Allahverdiyev: “Mən universal futbolçuyam”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Berti Foqtsun məni yenidən milli komandaya çağıracağını gözləyirdim”. Bunu “APA-Sport”a açıqlamasında üç aylıq fasilədən sonra Azərbaycan futbol yığmasına dəvət alan “Neftçi” klubunun müdafiəçisi Elnur Allahverdiyev deyib.

Onun sözlərinə görə, baş məşqçinin futbolçunu yoldaşlıq görüşlərinə çağıraraq meydana buraxmamağı normal haldır: “Foqtsun Bosniya və Herseqovina və Andorra ilə yoxlama matçlarında mənə şans verməməsini narazılıqla qarşılamadım. Ola bilsin ki, baş məşqçi digər oyunçuları yoxlamağı lazım bilib. Ancaq elə həmin vaxt Foqtsun haqqımda yüksək fikirdə olduğunu eşitmişdim. Hətta federasiya rəhbərliyinə də demişdi ki, Elnuru yığmada oynatmaq fikrindədir. Foqts məni yığmaya çağırıbsa, deməli, mənə inanır və onun etimadını doğrultmalıyam”.

Müdafiənin sol cinahında çıxış edən 25 yaşlı Allahverdiyev bu mövqedəki problemi aradan qaldırmaq fikrindədir. O, əsas heyətə düşmək uğrunda Nodar Məmmədovla rəqabətdə qalib gəlmək iddiasındadır: “Özümü universal futbolçu sayıram. Təkcə müdafiənin solunda yox, sağda, mərkəzdə də oynaya bilərəm. Müdafiəçi olsam da, hücuma da qoşuluram. Nodar olimpiya yığmasına cəlb edilən perspektivli futbolçudur. Foqts Lixtenşteynlə görüşdə müdafiənin solunda məcburiyyətdən “Neftçi”dəki komanda yoldaşım Aleksandr Çertoqanovu oynatdı. Görünür, yığmada sol cinah müdafiəçisinə ehtiyac var. Öz mövqeyimdə güclü olduğumu sübut etməliyəm”.
0