Avropanın qadın futbolçuları Bakıya yığışıblar
24.09.2008 - 17:33
Avropanın qadın futbolçuları Bakıya yığışıblar
Bakı. Aqşin Əliyev - APA-Sport. Sabah Bakıda 19 yaşadək qızlardan ibarət futbol yığmaları arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 6-cı qrupunun oyunları start götürəcək. “APA-Sport”un məlumatına görə, yarışda Azərbaycanla yanaşı, Çexiya, Finlandiya və Şimali İrlandiya komandaları mübarizə aparacaqlar.
Qrup mərhələsinin ilk oyununda yeniyetmə futbolçularımız çexiyalı həmkarlarını sınağa çəkəcəklər. Zabrat qəsəbə stadionunda keçiriləcək matçın start fiti saat 11:00-da çalınacaq. Sabah, həmçinin Tofiq Bəhramov adına Respublika stadionunda Finlandiya - Şimali İrlandiya görüşü baş tutacaq.
Şamil Heydərovun çalışdırdığı milli komandamız növbəti oyunlarına Respublika stadionunda çıxacaq. Rəqib Finlandiya (27 sentyabr, saat 14:00) və Şimali İrlandiya (30 sentyabr, saat 15:00) olacaq.
Qeyd edək ki, ilkin seçmə mərhələdə 44 komanda 11 qrupda qüvvəsini sınayır. Reqlamentə əsasən, qruplarda ilk iki yeri tutan kollektivlər növbəti mərhələyə adlayacaqlar. Eyni zamanda, bu hüquqa ən yaxşı göstəricilərlə 3-cü pillədə qərarlaşan 1 yığma da yiyələnəcək. İkinci seçmə mərhələdə Almaniya da qoşulacaq və 24 komanda 6 qrupda 7 vəsiqə uğrunda yarışacaq. Avropa çempionatı gələn il Belarusda keçiriləcək.
0