Elvin Əliyev: “Foqts zarafatımı başa düşmədi”
24.09.2008 - 18:10
Elvin Əliyev: “Foqts zarafatımı başa düşmədi”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Azərbaycan yığmasına dəvət almamağım mənim üçün qaranlıq qalıb. Özü də nəzərə almaq lazımdır ki, milli komandamızda müdafiənin sol cinahında problem var”. Bunu “APA-Sport”a açıqlamasında “Bakı” klubunun futbolçusu Elvin Əliyev deyib.

24 yaşlı müdafiəçi yığmamızın baş məşqçisi Berti Foqtsun rəhbərliyi altında iki yoldaşlıq görüşündə iştirak edib. Lakin sonradan milli komandaya çağırılmamasını Əliyev təəccüblə qarşılayıb: “Foqts mənə Bosniya və Herseqovina ilə görüşdə əsas heyətdə yer verdi və oyunumu bəyəndi. Bundan üç gün sonra Andorraya qarşı matçda ikinci hissədə meydana çıxdım. Baş məşqçi yenə haqqımda müsbət fikirdə idi. O, hətta yığmada müdafiənin sol cinahını mənə tapşıracağını demişdi. Azərbaycan səviyyəsində öz mövqeyimdə ən güclülərdənəm. Yığmaya sol ayağı ilə yaxşı oynayan futbolçu lazımdır. Hər halda, məni rəsmi görüşdə sınadıqdan sonra qəti qərar vermək olardı”.

Əliyev avqustun 20-də İslandiya yığması ilə yoldaşlıq görüşünə dəvət alsa da, qeyri-müəyyən səbəbdən heyətdən çıxarılmışdı. Foqtsun bu addımı ilə bağlı Elvinin öz ehtimalı var: “İslandiya ilə səfər matçına Bakıda hazırlaşdığımız zaman Elvin Məmmədovla birgə sol cinahdan ötürmələr verirdik. Mən müdafiənin, adaşım isə yarımmüdafiənin solunda çıxış edirdi. Hər ikimizi məşq prosesində sınayan Foqts Elvinləri qarışıq saldı. Belə olan halda, ingilis dilində çağırdığım baş məşqçiyə Elvin Əliyev olduğumu əlimi sinəmə vurmaqla işarə etdim. Bunu görən Foqts üzünü turşutdu. Görünür, o, zarafatımı başa düşməyib və hərəkətim xoşuna gəlməyib. Almanların bu baxımdan öz məşqçilərimizdən fərqlənmədiyini düşünməkdə yanılmışam”.

Qeyd edək ki, Əliyev “Bakı”da cari mövsümdə bütün oyunları əvəz olunmadan keçirib. O, indiyədək milli komandanın formasını 5 matçda geyinib.
0