Ferqyusson: “11 nəfər Robinyo kimisini almaq olar...”
25.09.2008 - 17:14
Ferqyusson: “11 nəfər Robinyo kimisini almaq olar...”
Bakı - APA-Sport. “Mançester Yunayted” klubunun baş məşqçisi Aleks Ferqyusson son vaxtlar Avropanın ən bədxərc komandasına çevrilən “Mançester Siti” haqda fikirlərini bölüşüb. “APA-Sport”un məlumatına görə, şotlandiyalı çalışdırıcı yüksək səviyyəli kollektiv formalaşdırmaq üçün təkcə yaxşı futbolçuların transferinin kifayət etmədiyini söyləyib.

“11 nəfər Robinyo kimi futbolçu almaq mümkündür. Ancaq bu o demək deyil ki, komanda mütləq uğur qazanacaq” - deyə Ferqyusson bildirib. 21 ildir “qırmızı şeytanlar”a rəhbərlik edən məşqçi tarixdən misal çəkib: “Ötən əsrin 50-ci illərində Sanderlendə çoxlu pullar yatırılırdı. Həmin klubu İngiltərə bankının komandası adlandırırdılar. Yekunda bu komanda aşağı diviziona yuvarlandı”.

Ferqyusson “Mançester Yunayted”in aparıcı üzvlərindən biri Kriştianu Ronaldonun da satılmayacağını vurğulayıb: “İnanmıram ki, “Mançester Siti” rəhbərliyi dövrələrarası fasilədə nəzərdə tutduğu transferlərin hamısını həyata keçirsin. Üstəlik, biz Ronaldonu nəinki “Mançester Siti”yə, heç bir kluba satmaq niyyətində deyilik”.

Qeyd edək ki, 2008-ci ildə ən bahalı transferə məhz “Mançester Siti” imza atıb. Ərəb şeyxi Süleyman əl-Fahimin başçılıq etdiyi klub “Real”dan braziliyalı hücumçu Robinyonun transferinə 42 milyon avro xərcləyib.
0