İsveçdə Berti Foqtsu axtarırlar
25.09.2008 - 17:51
İsveçdə Berti Foqtsu axtarırlar
Degerfors. Mehman Süleymanov - APA-Sport. “Təəssüf ki, milli komandamızın qarşıdakı təlim-məşq toplanışında iştirak etməyəcəyəm. Klubum artıq bununla bağlı AFFA-ya faks göndərib”. Bunu “APA-Sport”a açıqlamasında yeddi aylıq fasilədən sonra Azərbaycan yığmasına çağırılan İsveçin “Degerfors” klubunun futbolçusu Anatoli Ponomaryov deyib.

Sentyabrın 28-də və oktyabrın 4-də klubunun çətin oyunları olduğundan yığmanın toplanışına buraxılmadığını bildirən Ponomaryovun sözlərinə görə, “Degerfors” rəhbərliyi bunu FİFA-nın təqvimi ilə əsaslandırıb: “Komandam əvvəldən məni yığmaya buraxmaq istəmirdi. “Degerfors” bunu toplanışın vaxtının FİFA-nın təqvimində göstərilməməyi ilə əsaslandırıb”.

26 yaşlı futbolçunun 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Finlandiya ilə oktyabrın 11-də Helsinkidə keçiriləcək rəsmi oyunda iştirakı da sual altındadır: “Yüksək liqadan fərqli, aşağı divizionda seçmə mərhələ oyunları zamanı fasilə yaranmır. Finlandiya ilə oyunun ertəsi matçımız var. Klubum mövsümün sonunadək daim heyətdə olmağımı, birinci liqada yerimizi qorumaqda onlara kömək etməyimi istəyir. Yenidən milli komandada çıxış etmək istəyim böyükdür. FİFA-nın da qaydalarına görə, klub yığmaya dəvət edilən futbolçunu yoldaşlıq görüşünə 48, rəsmi oyuna 96 saat qalmış buraxmalıdır”.

Ponomaryov bildirib ki, yığmaya çağırılması ilə bağlı milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqtsla fikir mübadiləsi aparılacaq: “Klubumun direktoru Andreas Anderson məsələni Foqtsla müzakirə etmək niyyətindədir. O, bunun üçün alman mütəxəssisin mobil telefonunun nömrəsini axtarır”.
0