Avropa çempionatının yeni formatı açıqlandı
26.09.2008 - 14:58
Avropa çempionatının yeni formatı açıqlandı
Bakı. Mehman Süleymanov - APA-Sport. 2016-cı il Avropa çempionatının final mərhələsinin keçirilməsi sxemi açıqlanıb. “APA-Sport”un məlumatına görə, iştirakçıların sayını 16-dan 24-ə artıran UEFA 1986-1994-cü illər aralığında keçirilən dünya çempionatının formatını tətbiq edəcək.

Belə ki, 2016-cı ildən həlledici mərhələyə çıxan milli komandalar 6 qrupa bölünəcək. Qrupda ilk iki yeri tutan yığmalarla yanaşı, 3-cü yerdə qərarlaşanlar arasında da dördü 1/8 finala vəsiqə qazanacaq. AÇ-2016-nin final mərhələsinə keçirilməyə əsas namizəd Fransadır.

UEFA prezidenti Mişel Platini isə bildirib ki, yeni qərarın müsbət effekt verəcəyinə əmindir: “Mən futbolçu kimi 8 komandanın iştirak etdiyi Avropa çempionatının qalibi olmuşam. 8-in 16-dan, 16-nın 24, 32, hətta 54-dən yaxşı olduğunu birmənalı şəkildə əminliklə söyləyə bilmərəm. Bir şeyə əminəm ki, turnirin keyfiyyəti istənilən halda aşağı olmayacaq. İngiltərə, Danimarka, Şotlandiya, İrlandiya, Belçika, Serbiya, Ukrayna və Bolqarıstan kimi yığma komandalar qitə birinciliyinin həlledici mərhələsində iştirak etmək üçün bütün ehtiyatlara malikdir”.

Qeyd edək ki, hələ iyunda qəbul edilməsi nəzərdə tutulan UEFA-nın yeni qərarı ilə bağlı əsas təşəbbüskar Şotlandiya olub.
0