Ramiz Məmmədovdan acı xatirələr
26.09.2008 - 15:55
Ramiz Məmmədovdan acı xatirələr
Bakı. Mehman Süleymanov - APA-Sport. “Liderlə görüş həmişə fərqli olur. Bu zaman motivasiya və oyuna hazırlığın ciddiliyi istər-istəməz artır”. Bunu “APA-Sport”a açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.

Azərbaycan Premyer Liqasının hesabat turunda sabah lider “Karvan”ın qonağı olacaq qəbələlilərin 40 yaşlı çalışdırıcısı futbolçu karyerasını məhz Yevlaxda başa vurub: “Dörd il öncə “Turan”ın heyətində “Karvan”la görüşün əvvəlində aldığım ağır zədə karyeramda birinci və sonuncu oldu. Bundan sonra yaşıl meydanla çıxışımı başa vurmaq məcburiyyətində qaldığımdan, Yevlaxa səfər məndə istər-istəməz acı xatirələr oyadır. Ancaq zaman bütün yaraları sağaldır”.

Yevlax təmsilçisinin liderliyinə şübhə ilə yanaşmayan Məmmədov bildirib ki, rəqibi özü üçün yaxşı təhlil edib: “İzlədiyim bir neçə matça əsasən deyə bilərəm ki, “Karvan”ın həm heyəti, həm də oyunu yaxşılığa doğru dəyişib. Cari mövsümdə bütün ev oyunlarında qalib gəlib. Bu, məsuliyyətimizi birə-beş artırır və liderə layiqli cavab verməliyik”.

Baş məşqçinin sözlərinə görə, görüşə ciddi itkilərlə çıxacaqlar: “Kapitan Kənan Kərimovun əzələsində yırtıq yarandığından, oynamayacaq. Fərrux İsmayılov, Asen Nikolov, Vüsal Hüseynov, Qoqa Beraya, Şəhruz Mustafayev də zədəyə görə meydana çıxa bilməyəcək. Bununla belə, “Karvan” üçün də “Qəbələ” ilə oyun heç də asan olmayacaq. Heyətdə nə qədər itkimiz olsa da, Yevlaxa üç xal dalınca yollanırıq”.
0