Hacievski islahatlara başlayır
27.09.2008 - 15:02
Hacievski islahatlara başlayır
Bakı. Mehman Süleymanov - APA-Sport. “Ötən tur “Karvan”la oyunda böyük axmaqlığa yol verdik və bunun nəticəsini gördük. Öz meydanımızda 0:3 hesablı məğlubiyyət bizə yaxşı dərs oldu”. Bunu “APA-Sport”a açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacievski deyib.

Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk məğlubiyyəti böyük hesablı olan 53 yaşlı makedoniyalı mütəxəssis bunun əvəzini sabah “Bakılı”dan çıxmaq fikrindədir. Hacievskinin sözlərinə görə, rəqibin debütant olması arxayınlaşmağa əsas vermir: “İndi bütün diqqətimizi sabahkı oyuna yönəltmişik. Nə olsun ki, rəqib turnir cədvəlinin sonunda gedir? Son turda ilk xalını qazanan “Bakılı” 10 nəfərlə “Standard” qarşısında duruş gətirdi, qələbə də qazana bilərdi. Həmin “Standard” ki, “Neftçi” və “Qarabağ” kimi köklü klubları məğlub etmişdi. Bir sözlə, Azərbaycanda asan oyun yoxdur”.

Əsas heyətdə dəyişiklik edəcəyini bildirən Hacievski ehtiyata göndərəcəyini futbolçuların adlarını açıqlamayıb: “Heyətdə mütləq dəyişikliklər edəcəm. Ən azından 3-4 futbolçunu ehtiyata göndərəcəyəm. Qapıda da dəyişiklik olacağı gözlənilir. Futbolçularla ciddi söhbətimiz olub. Onları xəbərdarlıq etmişik. Zəif oynayan, işinə ciddi yanaşmayan, bağışlanmaz səhvlərə yol verənlər ikinci komandaya göndəriləcək”.
0