“Milan”ın əfsanəvi futbolçuları Bakıda
30.09.2008 - 13:48
“Milan”ın əfsanəvi futbolçuları Bakıda
Bakı. Mehman Süleymanov - APA-Sport. İtaliyanın “Milan” klubunun əfsanəvi futbolçuları Franko Barezi və Daniel Massaro Bakıya təşrif buyurublar. “APA-Sport”un məlumatına görə, İtaliya yığmasının heyətində 1994-cü ildə dünya çempionu olan bu oyunçular Bakının “İnter” klubunun dəvəti ilə ölkəmizə gəliblər. Səfərdə məqsəd “Milan Junior Camp” layihəsini həyata keçirməkdir.

Bununla bağlı bu gün keçirilən mətbuat konfransına Barezi və Massaro ilə yanaşı, “Milan”ın meneceri xanım Françesko Piyetra, klubun rəsmi nümayəndəsi Marko Kembri, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və “İnter”in prezidenti Georgi Nikolov qatılıb.

Mətbuat konfransında bildirilib ki, almaniyalıların ardından, italılyalıların da Azərbaycan futbolunun inkişafına xidmət göstərmək cəhdləri təqdirəlayiq haldır. Premyer Liqanın başqa klublarına da “İnter”in yolu iə getmək, sözügedən layihəni gerçəkləşdirmək tövsiyə olunub.

Daha sonra qonaqlar “Milan Junior Camp” layihəsinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, 8-14 yaşlılar arasında keçirilən bu layihəyə indiyədək 37 ölkədə 15 minə yaxın uşaq cəlb edilib. Beynəlxalq Bankın təşəbbüsü ilə “Milan Junior Camp” Qafqazda ilk dəfə Azərbaycanda təşkil olunacaq. Oktyabrın 27-dən 31-dək “Şəfa” stadionunda 300 nəfər arasında seçim aparılacaq və 4 ən perspektivli, istedadlı uşaq “Milan”ın yeniyetmələrdən ibarət komandasına götürüləcək. Həmin dörd uşaq gələn ildən etibarən futbolun sirlərini İtaliyada öyrənmək, Milanın “San Siro” stadionunda məşq keçmək şərəfinə nail olacaq.

Tədbirin sonunda Barezi və Massaro yerli idman məmurlarına “Milan”da oynayan məşhur futbolçuların formalarını bağışlayıblar. Belə ki, Azad Rəhimova və Beynəlxalq Bankın nümayəndəsinə Kakanın (22 nömrəli), Elxan Məmmədova Paolo Maldininin (3), Ramin Musayevə Cennaro Qattuzonun (8), Georgi Nikolova isə Ronaldinyonun (80) futbolkaları verilib. Öz növbəsində Nikolov da əfsanəvi futbolçulara hədiyyə təqdim edib. Bareziyə arxasında 6, Massaroya isə 11 yazılmış “İnter”in formaları bağışlanılıb.





0